Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir. Bu qələbə məhz Prezident cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilmişdir. Bu gün təqdim edilən büdcə layihəsi də məhz zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır.
Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, növbəti ilin büdcə layihəsi də tarixi Zəfərə gətirib çıxarmış yolun davamı kimi təqdim olunur.