Alena Akuliç: Azərbaycan ilə yaşıl enerji sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunuq

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Berlində təqdimatının keçirilməsindən çox məmnunuq. Biz əməkdaşlığımızın, xüsusən də yaşıl enerji sahəsində intensivləşdirilməsinə böyük əhəmiyyət veririk.

Bunu Berlində “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı təqdimatda iştirak edən Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Alena Akuliç AZƏRTAC-a müsahibəsində deyib. O, 2022-ci ildə yaşıl transformasiyaya həsr olunmuş platforma yaratdıqlarını qeyd edərək alman şirkətlərinin həmin platformada öz təcrübələrini bölüşdüyünü bildirib: “Onlar, həmçinin daha fəal iştirak etməyə hazırdırlar. Biz bu platformanı layihəyə inteqrasiya edəcəyik və şübhəsiz ki, Almaniya iqtisadiyyatından əlavə töhfələr də olacaq”.

Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə sıx əməkdaşlıq qurduqlarını qeyd edən regional direktor altı vebinarın planlaşdırıldığını və növbəti tədbirin gələn həftə keçiriləcəyini vurğulayaraq deyib: “Biz bu layihəyə ciddi yanaşırıq. Bugünkü tədbirdə bir sıra şirkətlər iştirak etdi, konkret suallar verib təkliflər səsləndirdilər. Alman İqtisadiyyatının Şərq Komitəsi olaraq bu prosesi məmnuniyyətlə dəstəkləyəcəyik və ümid edirik ki, çox önəmli olan bu layihədə Almaniya şirkətləri daha fəal iştirak edəcək. Həmçinin Almaniyada enerji sahəsində artıq mövcud olan bilik və təcrübə burada tətbiq olunacaq. İndiyədək müxtəlif layihələrdə əməkdaşlıq uğurla həyata keçirilib. Biz bu əməkdaşlığın daha da intensivləşməsindən məmnunuq, çünki potensial mövcuddur və bunu dəstəkləmək, gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Bu prosesdə həm Azərbaycanın Berlindəki, həm də Almaniyanın Bakıdakı səfirlikləri, eləcə də tərəfdaşlarla birlikdə çalışacağıq”.