Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında problemlərin olmasına baxmayaraq, biz nəqliyyat-tranzit sahəsində faydalı əməkdaşlıq əlaqələrimizi davam etdiririk. Əsas məsələ ondan ibarətdir ki, biz bir yerə toplaşıb məsələləri müzakirə edib inkişafa doğru irəliləyirik. MDB Dəmiryol Nəqliyyatı Şurasının iclasları buna bariz nümunədir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Trans-Avrasiya Nəqliyyat üzrə Beynəlxalq Koordinasiya Şurasının (TABKŞ) baş katibi Mixail Qonçarov deyib.
O bildirib ki, TABKŞ-də 20 üzv ölkə var və bu ölkələr nəqliyyat dəhlizlərinin inkişafı üçün səylərini birləşdirib.
“Müasir dünyada nəqliyyat dəhlizləri, xüsusilə də dəmir yolları iqtisadi zərurətdir. Bu sahədə əməkdaşlıq bütün iştirakçılar üçün səmərəlidir və iqtisadi baxımdan faydalıdır. Beynəlxalq dəhlizlərlə yükdaşımaların həyata keçirilməsi dövlətlərin ən əsas məqsədidir. Buna görə də istər “Şimal-Cənub”, istərsə də “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişaf etdirilməsi üzv dövlətlərin üzərinə böyük məsuliyyət qoyur və dövlətlər də bu işləri yerinə yetirirlər. İnfrastruktur layihələrin həyata keçirilməsi hər bir dövlətin özü üçün daha faydalıdır. Lakin Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri beynəlxalq dəhlizlərin inkişafına və genişlənməsinə imkanlar yaradır. Bu layihələr yükdaşımanın sayının və həcminin artmasına səbəb olur”, - deyən M.Qonçarov əlavə edib ki, Azərbaycanın nəqliyyat və tranzit infrastrukturu beynəlxalq dəhlizlərin inkişafına töhfə verir.