Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan Respublikası çox güclü qardaşlıq və dostluq münasibətləri ilə bir-birinə bağlıdır. Azərbaycanın müstəqilliyini bərpa etməsindən qısa zaman sonra - 1992-ci ildə iki dost ölkə arasında diplomatik əlaqələr qurmağa başlayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.
O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi-ticari sektorda uğurlu əməkdaşlıqlar var və onlar geniş perspektiv vəd edir.
“BƏƏ ilə Azərbaycanın ticarət və investisiya imkanlarına gəldikdə, iki ölkənin müxtəlif sahələrdə əlverişli və böyük imkanları mövcuddur. Bu sahələr arasında kənd təsərrüfatı, səhiyyə, turizm sektorlarını və hazırda xüsusi önəm qazanan təmiz enerji sahəsini qeyd edə bilərəm. Bundan başqa, neft və qaz sektorunda da iki ölkə arasında çox ümidverici investisiya imkanları mövcuddur”, - deyə səfir diqqətə çatdırıb.