Bu ilin 11 ayında Azərbaycanda 1 ton 600 kq-dan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin 2022-2024-cü illər ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində 1 ton 900 kq-dan çox, cari ilin 11 ayında isə 1 ton 600 kq-dan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılmasını təmin olunub:
"Eyni zamanda cari ildə 451 kq heroin aşkar edilib. Dövlət sərhədinin buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması məqsədilə texnoloji imkanlar genişlənib, bir sıra buraxılış məntəqələri müasir üslubla inşa edilib".
"Bununla yanaşı, beynəlxalq ticarət axınlarının genişlənməsi və sərhəd keçmə proseslərinin daha səmərəli idarə olunması məqsədilə yeni buraxılış məntəqələrinin inşası da planlı şəkildə davam etdirilir. Bu təşəbbüslər ölkəmizin tranzit potensialının artırılmasına, regional logistika zəncirində mövqeyimizin daha da möhkəmlənməsinə xidmət edir", - sədr vurğulayıb.