Astara rayonunda mövsümün çay yığımı yekunlaşıb. Cənub bölgəsinin ən böyük çayçılıq rayonlarından biri olan Astara bu il də məhsuldarlıq göstəricilərinə görə ön sıralarda qərarlaşıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda Astarada 232,1 hektar çay plantasiyası mövcuddur. Bu sahələrdən cari ildə 724,6 ton yaşıl çay yarpağı yığılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 57,7 ton və ya 8,7 faiz çoxdur. Ümumi məhsuldarlıq göstəricisi 31,3 sentner təşkil edib.
Rayonda çayçılıqla məşğul olan 4 kənd təsərrüfatı müəssisələri tərəfindən 187,4 ton yaşıl çay yarpağı tədarük olunub. Bu göstərici ötən illə müqayisədə 0,5 faiz azdır. Müəssisələr üzrə məhsuldarlıq isə 9,9 sentner olub.
Çayçılıqda əsas yükü daşıyan əhali təsərrüfatları isə bu il daha yüksək nəticə əldə ediblər. Belə ki, fərdi təsərrüfatlar tərəfindən 537,2 ton yaşıl çay yarpağı tədarük edilib. Əhali təsərrüfatlarında məhsuldarlıq 127,3 sentner olub ki, bu da yüksək göstərici hesab olunur.
Astarada çayçılıq kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən hesab olunduğu üçün ənənəvi olan çayçılıq sahəsinin inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.