Yaranmış əlavə maliyyə ehtiyacının qarşılanması üçün, 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsində dəyişiklərin edilməsi təklif olunur.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
Komitə bildirib ki, büdcənin ümumi parametrləri dəyişməz olaraq qalır. Bu dəyişiklər bir tərəfdən büdcə qaydasının tələblərini nəzərə alır, digər tərəfdən də növbəti ilin dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərcləri çərçivəsində nəzərdə tutulur.
“Müdafiə və milli təhlükəsizlik, hüquq mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur. Ərzaq və qida təhlükəsizliyi çərçivəsində, heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb. Sadalanan və cəmi 52 milyon manat təşkil edən bu xərclər dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq”, - deyə A.Əmiraslanov qeyd edib.