Şəhərlərin Baş planları hazırlanarkən əsas məqsəd məkanın dayanıqlı, balanslı və uzunmüddətli inkişafını təmin etməkdir. Bunun üçün bir neçə əsas prinsip nəzərə alınır.
Bu barədə AZƏRTAC-a şəhərlərin Baş planlarının hazırlanması zamanı əsas diqqət yetirilən prinsiplər barədə açıqlama verərkən memar Aysel Hüseynova bildirib.
“Birincisi – torpaq resurslarından səmərəli istifadə və funksional zonalaşdırmadır. Yəni, yaşayış, ictimai xidmət, sənaye, rekreasiya və nəqliyyat zonaları arasında optimal balans formalaşdırılır. İkinci mühüm prinsip nəqliyyat və mobillik sisteminin düzgün qurulmasıdır. Buraya ictimai nəqliyyatın prioritetləşdirilməsi, piyada və velosiped infrastrukturunun gücləndirilməsi və “ağıllı nəqliyyat” həlləri daxildir. Üçüncüsü isə sosial infrastrukturun əlçatanlığıdır. Məktəb, xəstəxana, mədəniyyət mərkəzləri kimi obyektlərin 10-15 dəqiqəlik radius prinsipi ilə yerləşdirilməsi artıq müasir şəhərsalmanın əsas tələblərindən biridir. Eyni zamanda, iqtisadi inkişafın dəstəklənməsi, iş yerlərinin yaradılması və urbanistikanın tarixi-mədəni irslə uyğunlaşdırılması da vacibdir”, - deyə Aysel Hüseynova vurğulayıb.
Memar qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma zamanı xüsusi yanaşmalar tələb olunur: “Birincisi, təhlükəsizlik amili – minalardan təmizləmə və mərhələli inkişaf strategiyası. İkincisi, “ağıllı şəhər” və yaşıl enerji konsepsiyaları burada prioritet götürülür, çünki bu ərazilər sıfırdan qurulan şəhər modelləri üçün unikal imkan yaradır. Üçüncü vacib yanaşma isə ekoloji bərpa və landşaftın sağaldılmasıdır. Eyni zamanda, əvvəlki demoqrafik quruluş nəzərə alınaraq sosial infrastruktur və qayıdış prosesinin planlaşdırılması həyata keçirilir. Ümumilikdə isə bu ərazilərin Baş planları həm postkonflikt reabilitasiyası, həm dayanıqlı inkişaf, həm də mədəni identikliyin bərpası kimi çoxşaxəli məqsədlərə xidmət edir”.