İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə son bir il ərzində enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Karbohidrogen, bərpaolunan enerji və regional enerji bağlantı layihələri üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.
Bu ilin on ayı ərzində Azərbaycandan Türkiyəyə 594 milyon kilovat-saat elektrik enerjisinin ixrac edildiyi qeyd olunub. Türkiyədə elektrik enerjisinə artan tələbat fonunda iki ölkə arasında elektrik enerjisi interkonnektorlarının qurulmasının vacibliyi vurğulanıb. Bu xüsusda, Naxçıvandan birbaşa və Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan (Naxçıvan) -Türkiyə Enerji Qovşağı layihəsinin icrası nəzərdən keçirilib. Habelə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” çərçivəsində Türkiyə ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Bu layihələrin TDT formatında enerji əlaqələrinin möhkəmləndirməsinə töhfə verəcəyi bildirilib.