Yaxın gələcəkdə Azərbaycanda 500 Mbit/s və daha yüksəksürətli internetin təmin olunması planlaşdırılır - Açıqlama

Yaxın gələcəkdə Azərbaycanda 10G və 50G PON texnologiyalarının tətbiqi ilə həm ev, həm də biznes istifadəçiləri üçün 500 Mbit/s və daha yüksəksürətli internetin təmin olunması planlaşdırılır.

Bu barədə AZCON Holdingin şirkətlərindən olan “Aztelekom” MMC-dən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

“Şirkət “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatorlarından biri kimi ölkədə sabit və yüksəksürətli internetin təminatında mühüm rol oynayıb. Layihə çərçivəsində sabit internetə çıxışı olan təsərrüfatların sayı son illərdə 13 dəfə artaraq 3 milyona çatıb və ölkə üzrə tam əhatə təmin edilib. Yaxın gələcəkdə isə “Aztelekom” ölkədə daha yüksəksürətli internetin təmin olunmasını planlaşdırır. Bu addım ölkənin rəqəmsal transformasiyasına töhfə verəcək və ümummilli səviyyədə ultrasürətli, sabit bağlantıların yaradılmasına imkan verəcək”, - deyə məlumatda qeyd olunub.