İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Ərdəbil-Parsabad dəmir yolu xətti bu vilayət ilə Azərbaycan arasında dəmir yolu əlaqələri və yükdaşımalara öz töhfəsini verə bilər.
Bunu Trend-ə müsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə deyib.
Onun sözlərinə görə, Ərdəbil-Parsabad dəmir yolu xətti Ərdəbil-Miyana xəttinin ikinci hissəsi hesab olunur.
İmami Yeganə əlavə edib ki, təxminən 270 km uzunluğunda olan Ərdəbil-Parsabad dəmir yolu xəttinin tikintisi ilə əlaqədar tədqiqatın müəyyən bir hissəsi başa çatdırılıb.
Ərdəbil valisi deyib ki, hazırda İranın Plan və Büdcə Təşkilatından bu dəmir yolu xəttinin tikintisi üçün texniki lisenziyanın verilməsi ilə əlaqədar işlər aparılır.
“Hazırda Ərdəbil valiliyi tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdən biri Parsabad rayonunun Təzəkənd kəndində dəmiryol terminalının tikilməsidir. Bu terminal Azərbaycanın İmişli rayonunun qarşısında yerləşir. Həmin bölgə ilə yaxından tanışlıq olacaq. Ötən illər ərzində bu dəmir yolu ilə əlaqədar iki ölkə arasında razılaşma əldə olunub. İran hökuməti bu dəmir yolu ilə əlaqədar razılığını elan edib. Bu dəmir yolu xətti də Ərdəbil vilayəti ilə Azərbaycan arasında dəmir yolu əlaqələrinin inkişaf etməsinə şərait yarada bilər. Sözügedən dəmir yolu Ərdəbil vilayətinin Cənubi Qafqaz, Avrasiya İqtisadi İttifaqı və Şərqi Avropa ölkələrinə dəmir yolu vasitəsi ilə çıxışını təmin edəcək”, - deyə o qeyd edib.