Azərbaycan tranzit ölkəsi olaraq regional yükdaşımalarında rəqabətdə hansı üstünlüklərə malikdir? AÇIQLAMA

Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyev ölkəmizin beynəlxalq əhəmiyyətli qlobal nəqliyyat-kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşməsini nəzərə alaraq, bu sahənin yenidən qurulması və modernləşdirilməsini iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Həmin strateji-siyasi kurs bu gün də ölkəmizdə qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi istiqamətində fəaliyyətin əsas xəttini təşkil edir və daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, ölkəni xarici dövlətlərlə birləşdirən quru, dəniz, hava və dəmiryolu strukturlarının, yol və limanların, nəqliyyat və daşıma vasitələrinin yeniləşdirilməsi məqsədilə iri investisiya layihələrinin həyata keçirilməsi, transmilli yükdaşımaya, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi prosesinə xüsusi önəm verərək, “Şərq-Qərb”, “Şimal-Cənub”, TRACECA dəhlizlərini və trans-Xəzər marşrutunun inkişafı ilə bağlı zəruri fərmanlar imzalayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov söyləyib. O bildirib ki, ki, logistika və ticarətin inkişafına dair 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün perspektiv istiqamətləri müəyyən edən Strateji Yol Xəritəsi təsdiq edilib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Çin ilə Avropa İttifaqını ən qısa və səmərəli quru yolu ilə birləşdirən multimodal dəhlizə malik olması, sərhəd-keçid məntəqələri və terminalların modernləşdirilməsi, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, çatdırılma müddətlərinin qısa və etibarlı olması ölkənin siyasi sabitliyi, qeyd olunan fərmanların icrası, Azərbaycanın tranzit ölkəsi olaraq regional yükdaşımalarında rəqabətdə üstünlüyünü təmin edib.

“Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin Orta Dəhliz marşrutunda tranzit imkanları daha da genişlənəcək, region ölkələri üçün yeni imkanlar yaranacaq və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirəcək. İtkilərə gəldikdə isə, hazırda Azərbaycan tranzit sahəsində strateji mövqeyini itirən ölkə kimi görünmür. Əksinə, mövcud olan və planlaşdırılan layihələr ölkənin üstünlüklərini qoruyur və əhəmiyyətini daha da artırır”, - deyə H.Həsənov qeyd edib.