Qazaxıstan neft ixrac marşrutlarını iqtisadi səmərəlilik baxımından qiymətləndirir

Qazaxıstan bütün mövcud neft ixrac marşrutlarını nəzərdən keçirir, burada istiqamətlərin seçilməsində əsas amil iqtisadi gəlirliliyin qalmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Qazaxıstan neftinin ixracının ümumi strukturunda Xəzər boru kəməri konsorsiumu marşrutunun iqtisadi səmərəliliyi şübhə doğurmur. Onun sözlərinə görə, ikinci ən vacib istiqamət Çin marşrutudur ki, bu da davamlı iqtisadi göstəricilər nümayiş etdirir.

Bakı–Tbilisi–Ceyhan marşrutuna toxunan Erlan Akkenjenov bildirib ki, hazırda Azərbaycanın SOCAR şirkəti ilə birlikdə onun iqtisadi səmərəliliyinin artırılması istiqamətində iş aparılır.

Eyni zamanda, nazir qeyd edib ki, Bakı–Tbilisi–Qars dəmir yolu marşrutu iqtisadi baxımdan Bakı–Tbilisi–Ceyhan neft kəmərinin istiqamətindən geridə qalır.

Bununla yanaşı, energetika naziri vurğulayıb ki, Qazaxıstan əlavə ixrac istiqamətlərindən istifadəni istisna etmir. “Zərurət halında, biz Bakı–Tbilisi–Qars, Bakı–Supsa marşrutlarının və digər mövcud istiqamətlərin istifadəsini tənzimləyəcəyik”, - deyə o bildirib.

Qeyd olunub ki, Qazaxıstan neftinin bütün mövcud nəqliyyat marşrutları üzrə iş onların iqtisadi məqsədəuyğunluğu nəzərə alınmaqla davam etdirilir.