AYİB Türkiyədə "yaşıl" investisiyalara dəstək göstərir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə “yaşıl” investisiyaların dəstəklənməsi məqsədilə “Türk Ekonomi Bankası”na (TEB) 100 milyon avro məbləğində kredit ayıracaq.

Trend bu barədə AYİB-ə istinadən xəbər verir.

Bildirilib ki, maliyyələşmə AYİB-in Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi Proqramı (GEFF II) çərçivəsində həyata keçirilir və yaşıl iqtisadiyyat layihələrinə sərmayə qoyan sub-borcalanların sonrakı kreditləşdirilməsinə yönəldiləcək.

 

“Bu saziş TEB ilə AYİB arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilən ilk ‘yaşıl’ sövdələşmədir. Eyni zamanda, bu, AYİB-in maliyyə sektorunun ekoloji cəhətdən dayanıqlı, aşağı karbonlu iqtisadiyyata keçidinin dəstəklənməsi ilə bağlı strateji məqsədinə uyğundur. GEFF proqramları iqlim investisiyaları üçün maliyyə imkanlarının genişləndirilməsinə, yerli tərəfdaş banklar vasitəsilə maliyyələşmənin təmininə dəstək göstərilməsinə, eləcə də biznesin enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin tətbiqinə və karbon emissiyalarının azaldılmasına kömək etməyə yönəlib.

TEB Türkiyədə təxminən 440 filial və 8000 əməkdaşla fəaliyyət göstərir və pərakəndə, kommersiya və korporativ müştərilərə, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə bank xidmətləri təqdim edir”, - məlumatda qeyd olunub.