"MÜSİAD Azərbaycan": Türkiyə ilə tam sərbəst ticarət yaxın müddətdə mümkün görünmür

Azərbaycan və Türkiyə arasında tam sərbəst ticarət yaxın müddətdə mümkün görünmür.

"Report" xəbər verir ki, bunu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

"Hər dövlərin sərbəst ticarətlə bağlı öz hədəfi var. İdxal-ixrac əməliyyatlarının həcmini qarşılıqlı investisiyalarla artırmaq olar. Azərbaycan təkcə 10 milyon əhalisi olan bazar kimi deyil, 250 milyon əhalisi olan coğrafiyaya çıxış qapısı kimi qəbul edilir. Bu bazarlara xitab etmək istəyiriksə, bu, birgə müəssisələr yaratmaq, Türkiyədəki nou-haunu, bilik və təcrübəni buraya transfer etməklə mümkündür. Qardaşlıq şüurumuzu, ortaqlıq mədəniyyətimizi birləşdirib ümumi dəyər yarada bilərik. Bunun nümunələri də var. Son vaxtlar kifayət qədər Türkiyə-Azərbaycan birgə müəssisələri formalaşıb, ixrac həyata keçirirlər", - deyə o qeyd edib.