“Diplomatiya Aləmi” jurnalının budəfəki xüsusi buraxılışı COP29-u və onun nəticələrini təmsil etmək, həmçinin iqlim gündəliyinin gələcək inkişafı ilə bağlı vizyonumuzu bölüşmək üçün çox gözəl fürsətdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev “Diplomatiya Aləmi” jurnalının 61/2025 saylı növbəti xüsusi buraxılışının təqdimat mərasimində deyib.
O qeyd edib ki, COP29-un uğuru Azərbaycanın beynəlxalq iqlim müzakirələrinə gətirdiyi unikal ruh və vizyonla bağlıdır.
“COP29-a Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2024-cü ilin əvvəlindən etibarən hazırlaşmağa başladıq və bu mühüm prosesə start verdik. Əsas vizyonumuz, əsas missiyamız ölkələr arasında körpülər qurmaq idi. Düşünürəm ki, biz olduqca vacib bu missiyanı və məsuliyyətli tapşırığı uğurla yerinə yetirə bildik. Biz hazırlıq və danışıqlar mərhələsində müxtəlif ölkələrlə, müxtəlif maraqlı tərəflərlə davamlı və açıq ünsiyyət qurmağa çalışdıq. Xüsusilə 2024-cü il ərzində COP29-a hazırlıq prosesi çərçivəsində keçirilən çoxsaylı görüşlər, məsləhətləşmələr və platformalar qarşılıqlı anlaşmanın formalaşmasına mühüm töhfə verib. Məhz bu yanaşma COP29-un nəticələrinin daha inklüziv və balanslı olmasına şərait yaradıb”, - deyə M.Babayev vurğulayıb.