Nazir: Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin daha da artmasını hədəfləyir

Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” kəlamına sadiqliklərini əməli işlərdə nümayiş etdirirlər. Ölkələrimiz bütün sahələrdə sıx əməkdaşlıq edir, kənd təsərrüfatı, sənaye və ticarət sahələrində əməkdaşlığı fəal şəkildə dərinləşdirirlər. Ankara qardaş Azərbaycanla Güzəştli Ticarət Sazişinin çərçivələrini daha da genişləndirməyə hazırdır. Bu məsələ ilə bağlı texniki müzakirələr davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat Ankarada jurnalistlərə bildirib.

Türkiyəli nazir Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla sıx dialoqu yüksək qiymətləndirərək qeyd edib ki, vitse-prezident Cövdət Yılmazın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti dekabrın 22-23-də Bakıda keçirilməsi planlaşdırılan II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək üçün yaxın günlərdə Azərbaycana səfər edəcək.

“Səfər çərçivəsində Azərbaycan-Türkiyə Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının keçirilməsi də planlaşdırılır. Biz ölkələrimiz arasında ticarətdən tutmuş turizmə qədər, təhsildən tutmuş enerjiyə qədər geniş məsələlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını hərtərəfli araşdırmağı planlaşdırırıq”, - deyə türkiyəli nazir bildirib və qeyd edib ki, Bakıda bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Türkiyənin ticarət naziri, həmçinin II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun əhəmiyyətini vurğulayıb və ilk belə forumda iştirakını xatırladıb. “Bu cür forumlar investorlarda qardaş ölkənin iqtisadi imkanları barədə təsəvvürünü formalaşdırmaq üçün çox vacibdir. Hər iki ölkənin sahibkarları birgə istehsal da daxil olmaqla, gələcək əməkdaşlıq üçün yollar müəyyən edə biləcəklər. Biznes icmaları arasında əlaqələri inkişaf etdirmək, yeni investisiya layihələrini həyata keçirmək və ticarət həcmlərini artırmaq vacibdir”, - deyə nazir qarşıdan gələn forumun təşkilatçılarına - Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Assosiasiyasına (TÜİB) və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) təşəkkürünü bildirib.

Ö.Bolat qeyd edib ki, Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya 17 milyard dollara çatıb, Azərbaycan isə Türkiyəyə 21 milyard dollar sərmayə qoyub. “Biz investisiyaları daha da artırmağa çalışırıq, “Azərbaycan-Türkiyə İnvestisiya Forumları”nın platformaları bunun üçün stimuldur”.

Türkiyənin ticarət naziri Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 2024-cü ilin nəticələrinə görə rekord həddə - 8 milyard dollara çatmasından məmnunluğunu ifadə edib.

Ö.Bolat daha sonra diqqəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfə ilə bağlı mövcud Türkiyə-Azərbaycan razılaşmalarına yönəldib.

O, həmçinin qeyd edib ki, bu günə qədər Türkiyə tikinti podratçıları Azərbaycanda milyardlarla dollar dəyərində 585 müxtəlif layihəni uğurla başa çatdırıblar. “Türkiyə şirkətlərinin qardaş ölkənin inkişafına verdiyi töhfələrdən qürur duyuruq”, - deyə o vurğulayıb.

Türkiyəli nazirin sözlərinə görə, Zəngəzur dəhlizi Türkiyənin Azərbaycan və digər türk dövlətləri ilə ticarət və iqtisadi əlaqələrinə əhəmiyyətli töhfə verəcək. “Bu, çox vacib bir layihədir. Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Türk dünyası ilə ticarət həcmləri artacaq”, - deyə o vurğulayıb.

Ö.Bolat qeyd edib ki, 2024-cü ilin nəticələrinə görə, Türkiyənin Türk Dövlətləri Təşkilatı (TDT) ilə ümumi ticarət dövriyyəsi 29 milyard dollara çatıb. “Biz bununla kifayətlənmək niyyətində deyilik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ortamüddətli perspektivdə TDT ölkələri ilə ticarət dövriyyəsini 60 milyard dollara çatdırmaq məqsədini müəyyən edib. Biz bu istiqamətdə bütün addımları atırıq, investorları stimullaşdırır və təşviq edirik, ticarətin yolunda maneələri aradan qaldırırıq”, - deyə türkiyəli nazir fikrini yekunlaşdırıb.