Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) investisiya bölməsi olan "XRG" Azərbaycanın dünya üzrə aparıcı enerji resursları ixracatçılarından biri kimi mövqeyinin möhkəmləndirilməsinə dəstək göstərməyə hazırdır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq şirkətdən bildirilib.
“"XRG" Azərbaycanda və bütövlükdə Xəzər regionunda inkişafı, tərəfdaşlığa və əlavə dəyərin yaradılmasına əsaslanan yanaşma ilə həyata keçirir. Biz Xəzəri strateji enerji habı kimi qiymətləndiririk və burada mövcudluğumuzu genişləndirmək üçün əhəmiyyətli potensial görürük”, – deyə şirkətdə qeyd ediblər.
"XRG"də bu il Birləşmiş Ərəb Əmirliklərində keçirilən "ADIPEC" sərgisi çərçivəsində "ADNOC" şirkətinin beynəlxalq enerji investisiya qolu olan "XRG" tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşmanın imzalandığını xatırladıblar.
“Bu razılaşma Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında strateji enerji münasibətlərinin inkişafında növbəti mühüm mərhələdir. "SGC"nin aktivlərinə fəaliyyətdə olan qaz hasilatı obyektləri, həmçinin Xəzər regionunu Türkiyə vasitəsilə Avropanın cənubu ilə birləşdirən təxminən 3 500 km uzunluğunda boru kəmərləri şəbəkəsi daxildir. Razılaşma, eyni zamanda, Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu gücləndirməklə ölkənin iqtisadi artımına töhfə verə bilər. Bu cür imkanlar qaz hasilatının artırılmasına, ixrac potensialının gücləndirilməsinə və kritik əhəmiyyətli enerji infrastrukturunun optimallaşdırılmasına şərait yaradır. Bizim prioritetimiz dayanıqlı inkişaf və uzunmüddətli dəyərin yaradılmasını təmin etmək üçün sınaqdan çıxmış tərəfdaşlarla sıx əməkdaşlıqdır”, – deyə "XRG"də bildiriblər.
"XRG"-dən bildirilib ki, şirkətin Azərbaycandakı aktivlərinə SOCAR ilə “Abşeron” qaz-kondensat yatağında strateji tərəfdaşlıq daxildir və "XRG" bu layihədə 30 faiz paya malikdir.
“Bundan əlavə, 2024-cü ilin may ayında SOCAR "ADNOC"dan Əbu-Dabidəki SARB və Umm Lulu konsessiyalarında 3 faiz pay aldı. "Abşeron" layihəsi üzrə tərəfdaşlıq göstərdi ki, ciddi maliyyə intizamının, texniki mükəmməlliyin və ümumi baxışın birləşməsi real nəticələr əldə etməyə imkan verir və biz bu modeli Azərbaycanda və onun hüdudlarından kənarda gələcək layihələrdə tətbiq etməyi planlaşdırırıq.
Belə ki, tərəflər bundan öncə SARB və Umm Lulu yataqlarında iştirak payının SOCAR-a verilməsi, həmçinin "ADNOC" şirkətinə “Abşeron” qaz-kondensat yatağında iştirak payının satışına dair razılıq əldə ediblər.
Bu tərəfdaşlıq uğurlu beynəlxalq əməkdaşlığın nümunəsidir və BƏƏ ilə Azərbaycan arasında dərin və uzunmüddətli əlaqələri əks etdirir. Nəticə etibarilə, məqsədimiz həm Azərbaycanda, həm də bütövlükdə regionda enerji təhlükəsizliyinə, inkişafa və innovasiyalara töhfə verəcək etimada əsaslanan möhkəm tərəfdaşlıqlar qurmağa davam etməkdir”, – deyə "XRG"-dən qeyd ediblər.
"XRG" həmçinin Azərbaycanın enerji balansının şaxələndirilməsi istiqamətindəki səylərini tam dəstəklədiyini bildirib.
“Biz kapitalımızdan, texniki ekspertizamızdan və beynəlxalq ən yaxşı təcrübələrdən istifadə etməklə qaz, kimya sənayesi və yeni enerji növləri sahələrində uzunmüddətli strateji tərəfdaş kimi çıxış etmək niyyətindəyik. Həm iqtisadi, həm də ekoloji dəyər yaradan təşəbbüslərin dəstəklənməsinə sadiqik. Azərbaycan "XRG" üçün mühüm strateji tərəfdaşdır və uzunmüddətli məqsədlərimiz ölkənin dayanıqlı inkişaf baxışı ilə sıx şəkildə uzlaşır. Biz uzun müddət buradayıq – investisiya qoymaq, tərəfdaşlıqlar qurmaq və Azərbaycanın aparıcı enerji resursları ixracatçısı kimi mövqelərinin möhkəmləndirilməsinə töhfə vermək üçün”, – deyə şirkətdən bildirilib.
"XRG"də, həmçinin qeyd olunub ki, şirkət "ADNOC"un enerji sektorunda altmışillik qlobal təcrübəsinə əsaslanır və bu, tərəfdaşlara həm texniki imkanlar, həm də ölçülüb-biçilmiş investisiya qərarları baxımından dəstək göstərməyə imkan verir.
“Bizim məqsədimiz enerji zəncirinin bütün mərhələləri üzrə – qaz hasilatı və ixracının artırılmasından tutmuş daha səmərəli enerji sistemləri üçün əsasların yaradılmasına qədər – yeni dəyər mənbələrinin üzə çıxarılmasına töhfə verməkdir. Azərbaycan enerji habı kimi mövqelərini gücləndirdikcə, "XRG" dayanıqlı, etibarlı və transformasiyaedici inkişafın təmin edilməsinə yönəlmiş etibarlı və fəal tərəfdaş olaraq qalacaq”, – deyə şirkətdə vurğulanıb.