Heyvan dərisinin lazımi istifadəsi üçün dəri toplama və ilkin emal mərkəzlərinin yaradılması təşviq ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsində tədbirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, ötən il ölkə üzrə ixrac edilən iribuynuzlu heyvan dərisi 301 min, qoyun dərisi isə 403 min ədəd və müvafiq olaraq 7,3 milyon və 0,5 milyon dollar dəyərində olub.
“Mövcud ixrac həcmi kəsimə gedən iribuynuzlu heyvan dərisinin 30-35 faizini, xırdabuynuzlu heyvan dərisinin 16-18 faizini əhatə edir. Buna görə sahədə bir sıra problemlər mövcuddur; kəsilən dərilərin çox hissəsinin düzgün ilkin mexaniki işlənməməsi və keyfiyyətinin aşağı olması, heyvan dərisinin toplanaraq ilkin işlənməsi yerləri və onların avadanlıq təchizatının olmaması, dəri emalı üçün istehsal müəssisələri və zavodların az olması, dəri və yun emalının vergitutma rejimində kənd təsərrüfatına şamil edilən üstünlüklərin olmaması və ƏDV tənzimləməsi ilə bağlı məsələlər.
Azərbaycanda gön-dərinin toplanması ilə bağlı müəyyən çətinliklərin mövcud olduğunu sözlərinə əlavə edən Z.Əliyev qeyd edib ki, birbaşa məhsul subsidiyası verilməklə istehsalın və əlavə dəyərin ölkədə yaradılması, təşviq olunması nəzərdə tutulub.