Bakı və Tehran arasında əməkdaşlıq Cənubi Qafqazda sabitlik faktoruna çevrilə bilər

Azərbaycan və İran arasında sıx qarşılıqlı fəaliyyət Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaya bilər.

Bu fikri AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi və Şərq Mədəniyyət Mərkəzinin direktoru Lana Ravandi-Fadai səsləndirib.

Ekspertin sözlərinə görə, son illərdə iki ölkə arasında siyasi dialoq və iqtisadi-ticari əməkdaşlıq nəzərəçarpacaq dərəcədə fəallaşıb. Bu əməkdaşlıq ticarət və kənd təsərrüfatından sənaye və tikinti sahələrinədək geniş spektri əhatə edir. O qeyd edib ki, ticarət dövriyyəsinin artması bu qarşılıqlı fəaliyyətin effektivliyini təsdiqləyir.

Lana Ravandi-Fadai “3+3” regional formatının əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyəni birləşdirən bu mexanizm sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üçün mühüm platformaya çevrilə bilər.

Ekspert əlavə edib ki, birgə iqtisadi layihələrin inkişafı münaqişə risklərini azaldır və region ölkələri arasında qarşılıqlı asılılığı gücləndirir. O bildirib ki, Azərbaycan–İran arasında dialoqa və ortaq iqtisadi maraqlara əsaslanan praqmatik əməkdaşlıq Cənubi Qafqazın bütün ölkələri üçün nümunə ola bilər.