Azərbaycan və İran ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensiala malikdir – Ekspert

Azərbaycan və İran, ilk növbədə nəqliyyat, tranzit və energetika sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensiala malikdir.

Bu fikri AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi və Şərq Mədəniyyət Mərkəzinin direktoru Lana Ravandi-Fadai səsləndirib.

Ekspertin sözlərinə görə, “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, o cümlədən Rəşt–Astara dəmir yolunun çatışmayan hissəsinin tikintisi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, bu layihə təkcə İran və Azərbaycan üçün deyil, eyni zamanda, Rusiya üçün də maraq doğurur. Çünki Asiya ilə Avropa arasında yüklərin daşınma müddətini əhəmiyyətli dərəcədə qısaltmaqla yanaşı, hər iki ölkənin əsas tranzit mərkəzləri kimi mövqelərini möhkəmləndirə bilər.

Lana Ravandi-Fadai Astaraçay üzərindən avtomobil körpüsünün tikintisinə də diqqət çəkərək vurğulayıb ki, nəqliyyat infrastrukturu ikitərəfli əlaqələrin inkişafında strateji rol oynayır.

Bundan başqa, ekspert energetika sahəsində əməkdaşlıq üçün yüksək potensialın mövcudluğunu qeyd edib. Onun sözlərinə görə, həm neft-qaz sektorunda, həm də elektroenergetika sahəsində, o cümlədən birgə layihələrin həyata keçirilməsi və svop əməliyyatlarının icrası istiqamətində perspektivlər var.