Azərbaycan energetikada süni intellektin tətbiqində əsas rol oynaya bilər – Boston Consulting Group (ÖZƏL MÜSAHİBƏ)

Azərbaycan energetika sahəsində süni intellektin (Sİ) tətbiqində mühüm rol oynaya bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində baş ofisi ABŞ-ın Boston şəhərində yerləşən qlobal konsaltinq şirkəti "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və tərəfdaşı Anton Aristov bildirib.

Aristov qeyd edib ki, Azərbaycanın böyük təcrübəyə malik olduğu əsas sahələrdən biri energetikadır.

“Süni intellekti energetika sahəsində dərin bilik və təcrübə ilə, xüsusən də neft-qaz sektoru və daha geniş mənada enerji keçidi kontekstində birləşdirəndə, güclü bazar potensialı formalaşdırırsınız. Məhz burada Azərbaycan süni intellektin tətbiqinin irəlilədilməsində həlledici rol oynaya bilər. Xəzər Süni İntellekt İnstitutunu (Caspian AI Institute) yaradarkən əsas götürdüyümüz ikinci ideya isə onun fəaliyyətinin belə bir prinsip üzərində qurulması idi: resursların 70 faizi energetika sahəsində praktiki keyslərə, qalan 30 faizi isə qlobal ictimaiyyət üçün аktual olan qabaqcıl texnologiyaların sərhədlərini genişləndirən tədqiqatlara yönəldilməlidir.

Buradakı məntiq sadədir. Əgər yalnız milli enerji şirkəti üçün аktual olan keyslərə fokuslansanız, çox tez bir zamanda institut, əslində, artıq bir çox təşkilatlarda mövcud olan adi bir “Sİ departamenti”nə çevriləcək. Əksinə, resursların 30 faizinin qlobal maraq doğuran tədqiqatlara ayrılması beynəlxalq arenada əhəmiyyətli qalmağa və MIT, Stanford, Berkeley və Imperial College kimi aparıcı institutlarla əməkdaşlıq imkanları əldə etməyə şərait yaradır. Bu, sizə bir növ “daxilolma bileti” qazandırır. Məhz bu yanaşma bizim innovativ və perspektivli tədqiqat layihələrini seçməyimizi müəyyənləşdirir. Bunlardan biri AutonomousLab.AI-dir, lakin, əlbəttə ki, yeganə layihə deyil”, – deyə o izah edib.