Azərbaycanın Avropa bazarlarına çıxışı, ilk növbədə, ölkənin qaz hasilatının sürətli inkişafına geniş imkanlar yaradıb. Son illərin rəsmi statistik göstəriciləri bu dinamikanı aydın şəkildə nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə, “Şahdəniz-2” layihəsinin istismara verilməsindən əvvəl Azərbaycanda qaz hasilatı 28,6 milyard kubmetr təşkil edirdisə, bu göstərici 2021-ci ildə 43,9 milyard kubmetrə, 2024-cü ildə isə 50,4 milyard kubmetrə yüksəlib. Ekspert qeyd edib ki, eyni dövrdə qaz ixracının həcmi də əhəmiyyətli dərəcədə artaraq 8,5 milyard kubmetrdən 25,3 milyard kubmetrə çatıb.
“Avropa bazarının yüksək likvidliyi və əlverişli qiymət mühiti “Şahdəniz-2” kimi iri sərmayə tələb edən layihələrin iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb və Xəzərin dərinsulu hissələrində yerləşən enerji ehtiyatlarının işlənməsi üçün əlverişli şərait yaradıb. Bu amil Azərbaycanın enerji sektoruna yatırılan investisiyaların davamlılığını təmin etməklə yanaşı, ölkənin geoiqtisadi mövqeyini də gücləndirib”.
Ekspert bildirib ki, Azərbaycan qazının son beş ildə Avropa bazarında ilbəil artan həcmi 2022-ci ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna rəsmi Bakının və tərəfdaşlarının nə dərəcədə ciddi və məsuliyyətli yanaşdığının göstəricisidir.

“Geoloji baxımdan mürəkkəb olan “Şahdəniz” dəniz yatağından hasil edilən qaz həm regionda enerji sabitliyinin təmin olunmasına, həm də beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verir”, - deyə İ.Şaban qeyd edib.
Ekspertin sözlərinə görə, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə cəlbedici bazarlara çıxışı ölkəmizi Avropanın enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevirib. “Şahdəniz” layihəsi, xüsusilə də onun ikinci mərhələsi təkcə böyükhəcmli hasilat təşəbbüsü deyil, eyni zamanda, Azərbaycanın geoiqtisadi xəritəsini yenidən formalaşdıran strateji layihələrdən biridir.
“Uzunmüddətli ixrac-nəql sistemlərinin qurulması, tranzit ölkələrlə iqtisadi əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə boru kəmərlərinin genişləndirilməsi üçün möhkəm platformanın yaradılması Azərbaycanın qaz ixracının dayanıqlılığını təmin edib və “böyük qaz erası”nı real iqtisadi aktivə çevirib. Bu uğurlar təkcə Azərbaycanın enerji strategiyasının zəfəri deyil, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə təkmilləşdirilərək davam etdirilən strateji inkişaf konsepsiyasının uğurla icra olunduğunun bariz göstəricisidir”, - deyə ekspert bildirib.