Qlobal qiymətli metallar bazarında yüksəliş dinamikası davam etdikcə, Azərbaycan bazarında da qızıl və gümüş məmulatlarının qiymətlərində artım istiqaməti əsas xətt kimi qalır.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, qlobal qiymətli metallar bazarında yüksəliş dinamikası davam edir: “Qızıl rekord səviyyələrdədir və bir unsiyası 4 600 ABŞ dollarını ötüb. Gümüş də yüksəlişini saxlayır — 1 unsiyası 90 ABŞ dolları həddində ticarət olunur. Gümüşün sənayedə geniş istifadəsi (elektronika, enerji, istehsal zənciri) və son dövrlərdə ona investisiya aləti kimi marağın artması qiymətlərin daha oynaq olmasına səbəb olan əsas amillər sırasındadır.
Bu proses Azərbaycan bazarında da özünü göstərir. Daxili qiymətlər birbaşa dünya bazarındakı dəyişikliklərə həssasdır. Artım xüsusilə idxal məhsullarında daha tez hiss olunur: yeni partiyalar yüksəlmiş qiymətlərlə gəldiyi üçün vitrinlərdə qiymətlər operativ yenilənir. Bununla yanaşı, bazarda bütün məhsullar eyni sürətlə bahalaşmır — xüsusən əvvəlcədən alınmış və satışa çıxarılmış ağır çəkili zinət əşyalarında qiymət yenilənməsi daha çox mərhələli baş verir”.
Qlobal qiymətli metallar bazarında yüksəliş Azərbaycanın zərgərlik məmulatları bazarına necə yansıyır?
R. Əmircanov belə olan halda Azərbaycanda sözügedən məmulatların qiymət dəyişimindən də danışıb. O bildirib ki, Azərbaycanda qızıl və gümüş məmulatlarının qiyməti dünya bazarındakı göstəricilərə əsasən formalaşır: “Buna görə də qlobal qiymətlər yüksələndə, daxildə qram üzrə əsas metal dəyəri artır və bu artım pərakəndə satış qiymətlərinə də ötürülür.
Zərgərlik məmulatında pərakəndə qiymət təkcə metalın dəyəri ilə müəyyənləşmir: işlənmə və dizayn, qiymətli daşlarla bağlı məqamlar və xidmət xərci də nəzərə alındığı üçün, mağazada görünən artım bəzən birjadakı artımdan daha yüksək ola bilər”.