Azərbaycan qazının nəqlinin şaxələndirilməsi ölkəmizə bir neçə istiqamətdə iqtisadi dividendlər gətirə bilər - ŞƏRH

Milli iqtisadiyyatın inkişafını səciyyələndirən başlıca amillərdən biri də məhz istehsal sektorunun fasiləsizliyinin təmin olunmasıdır. Bu fasiləsizlik enerji sektorunun dayanıqlılığı ilə ölçülməkdədir. Məhz bu çərçivədə Azərbaycan və Avropa arasında ənənəvi enerji generasiyası üzrə çoxşaxəli əməkdaşlıq siyasətinin aparılması, həm Avropa ölkələri üçün, həm də Azərbaycan üçün çox önəmli iqtisadi dividendlər gətirə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın Avstriya və Almaniyaya qaz nəqli bir tərəfdən Avropa ölkələri üçün enerji fasiləsizliyini təmin etməkdədir, digər tərəfdən Azərbaycan qazının ixrac üzrə diversifikasiyanın artırılması deməkdir.

“Bu da dayanıqlı və mütərəqqi iqtisadi inkişaf fonunda hər iki ölkənin ehtiyaclarının və tələblərinin ödənilməsi istiqamətində önəmli addımdır. Digər tərəfdən, uzunmüddətli perspektivdə Azərbaycan qazının digər Avropa ölkələrinə ötürülməsi ölkə iqtisadiyyatının qaz sektorunun şaxələndirilməsi istiqamətində önəmli addım kimi çıxış edə bilər”, - deyə Aslan Əzimzadə vurğulayıb.

Ekspertin sözlərinə görə, qaz nəqlinin şaxələndirilməsi Azərbaycana bir neçə istiqamətdə iqtisadi dividendlər gətirə bilər: “Bunlardan ən önəmlisi birbaşa valyuta gəlirləridir. Çünki qaz ixracı uzunmüddətli və sabit valyuta axını formalaşdırır. Əldə olunan valyuta gəlirləri çərçivəsində büdcə kəsirinin azaldılması, makroiqtisadi sabitliyin dayanıqlı şəkildə inkişaf etdirilməsi real ola bilər. Paralel olaraq qeyd etmək lazımdır ki, enerji sektoru və onunla əlaqəli sahələrdə inkişaf özünüməşğulluqda, yeni iş yerlərinin açılmasında özünü göstərir”.