Bakı Limanı region üzrə logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir - MÜSAHİBƏ

Bakı Beynəlxalq Dəniz Limanı bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə regionun qlobal ticarət zəncirinə inteqrasiyasını təmin edən əsas qovşaqlardan birinə çevrilib. Liman infrastruktur imkanları sayəsində Avropa və Asiya arasında yük axınlarının optimallaşdırılmasına xidmət edir, dəmir yolları ilə birlikdə Orta Dəhlizin dayanıqlı və səmərəli fəaliyyətinin əsas dayağı rolunu oynayır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi olan “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov limanın inkişafı üzrə görülən işlər və planlar barədə Trend-ə müsahibə verib.

- Eldar müəllim, Bakı Beynəlxalq Dəniz Limanının “Azərbaycan Dəmir Yolları” QSC-yə inteqrasiyası prosesindən sonra hansı əsas optimallaşdırma tədbirləri həyata keçirilib? Bu dəyişikliklər limanın əməliyyat səmərəliliyinə və xidmət keyfiyyətinə necə təsir göstərib?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2025-ci il tarixli Fərmanına əsasən, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə Bakı Limanı “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibinə verilib. Bakı Beynəlxalq Dəniz Limanı inteqrasiya zamanı logistika və nəqliyyat sahəsində strateji optimallaşdırma prosesini dərindən həyata keçirir. İlk növbədə, liman–dəmir yolu əməliyyatları vahid idarəetmə modeli çərçivəsində birləşdirilərək sənədləşmə, gömrük, yükboşaltma-yükləmə və dəmir yoluna ötürmə mərhələləri arasında daha sıx koordinasiya yaradılır.