bp-nin "Şahdəniz" üzrə əməliyyat və əsaslı xərcləri artıb

2025-ci ildə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 315 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 087 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü ildə əməliyyat və əsaslı xərclər, müvafiq olaraq 2,203 milyard dollar və 766 milyon dollar təşkil edib ki, bu əməliyyat xərclərinin 5 faiz, əsaslı xərclərin isə 41,9 faiz artdığını göstərir.

İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

 

2025-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).