“Şimal-Cənub” dəhlizi üzrə dənizdə reyd aşırmalarından istifadə etməklə yüklərin daşınmasına bu yaz başlanacaq

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca dənizdə reyd aşırmalarından istifadə etməklə yüklərin daşınmasına 2026-cı ilin yazında başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Həştərxan vilayətinin sənaye, ticarət və energetika naziri Vitali Şepin bildirib.

Onun sözlərinə görə, liman zonasının rezidenti olan “Astra” MMC açıq dənizdə gəmidən-gəmiyə üsulu ilə səmərəli yükdaşımasını təmin edəcək yükdaşıma kompleksinin yaradılması layihəsini həyata keçirir. Yükləmə-boşaltma əməliyyatlarının faktiki başlanması və kompleksin tam gücü ilə işə salınması, o cümlədən ən azı 80.000 ton taxıl yükünün daşınması bu yazda planlaşdırılır.

Nazir layihənin Xəzər regionunda davamlı taxıl logistikasının qurulmasına və ixrac-idxal əməliyyatlarının etibarlılığının artırılmasına yönəldiyini bildirib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya, Azərbaycan və İranı birləşdirən, RF vasitəsilə Asiyadan Avropaya sərnişinlərin və yüklərin daşınması üçün multimodal marşrutdur.