Azərbaycan Xəzər hövzəsindəki təbii qaz ehtiyatları sayəsində Avropa üçün alternativ təchizatçı mövqeyinə yüksəlib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Dokuz Eylül Universitetinin beynəlxalq ticarət və biznes kafedrasının, biznes fakültəsinin müəllimi, professor Ülviyyə Sanılı Aydın deyib.
“Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropa bazarına qaz tədarükü ölkəni təkcə istehsalçı deyil, həm də strateji enerji körpüsünə çevirib. Avropa Birliyinin Rusiya qazından asılılığı azaltmaq siyasəti Azərbaycanın əhəmiyyətini daha da artırır. İstehsal gücü və boru kəməri infrastrukturu genişləndirilərsə, Azərbaycan növbəti onillikdə Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilə bilər”, - deyə professor Ülviyyə Sanılı Aydın bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan strategiyasını yalnız qazıntı yanacaqlarının ixracı üzərində qurmayıb. Xüsusilə külək və günəş enerjisi sahəsində böyük potensial mövcuddur. Xəzər dənizində dəniz külək enerjisi və azad edilmiş ərazilərdə planlaşdırılan yaşıl enerji layihələri Azərbaycanın gələcəkdə elektrik enerjisi və hətta yaşıl hidrogen ixracatçısına çevrilməsi üçün imkanlar yaradır. Bu, enerji portfelinin şaxələndirilməsinə və uzunmüddətli perspektivdə daha dayanıqlı iqtisadi modelin formalaşmasına töhfə verə bilər.
Ülviyyə Sanılı Aydın vurğulayıb ki, geosiyasi baxımdan Azərbaycanın artan enerji rolu Cənubi Qafqazda güc balansına da təsir göstərir. “Enerji layihələri ölkənin Türkiyə və Gürcüstanla strateji əməkdaşlığını gücləndirir, eyni zamanda Avropa İttifaqı ilə siyasi və iqtisadi əlaqələri dərinləşdirir. Etibarlı enerji tərəfdaşı imici Azərbaycanın diplomatik mövqelərini möhkəmləndirir və regional nəqliyyat dəhlizləri ilə ticarət şəbəkələrinin inkişafını təşviq edir. Bununla yanaşı, bəzi risklər mövcuddur. Avropanın uzunmüddətli perspektivdə qalıq yanacaq istehlakını azaltmaq hədəfləri gələcəkdə təbii qaza tələbatın məhdudlaşmasına səbəb ola bilər. İstehsalın genişləndirilməsi xarici investisiyalar, texnoloji imkanlar və infrastrukturun inkişafını tələb edir. Regional rəqabət və böyük dövlətlərin enerji siyasəti də Azərbaycanın manevr imkanlarına təsir göstərə bilər”, - deyə professor əlavə edib.
Ülviyye Sanılı Aydın bildirib ki, ənənəvi və bərpa olunan enerji mənbələrinə yatırımlar sayəsində Azərbaycan növbəti 10 il ərzində qlobal enerji sistemində daha mərkəzi mövqeyə yüksələ bilər. Bu proses ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, Cənubi Qafqazda və Avropa ilə münasibətlərdə daha təsirli aktora çevrilməsinə şərait yaradır. Onun sözlərinə görə, bu yüksəlişin davamlılığı enerji keçidinin düzgün idarə olunmasından və balanslı beynəlxalq əməkdaşlığın qorunmasından asılı olacaq.
Ekspert, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla aparılan sülh danışıqlarının regionda sabitliyin möhkəmlənməsinə və enerji əməkdaşlığı imkanlarının genişlənməsinə töhfə verəcəyini qeyd edib. “ABŞ kimi qlobal aktorların bu prosesə dəstəyi Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanmasına zəmin yaradır. Sülh danışıqlarının yekun razılaşma ilə nəticələnməsi Ermənistanın regional enerji proseslərinə cəlb olunmasına və Azərbaycanın bölgədə enerji istehsalçısı kimi mövqeyinin daha da güclənməsinə imkan verəcək”, - deyə Ülviyye Sanılı Aydın vurğulayıb.
Professor xatırladıb ki, 2020-ci ildə Asiya İnkişaf Bankı İnstitutunun təşəbbüsü ilə nəşr olunan “Asiyada enerji təhlükəsizliyi: Çətinliklər, həllər və bərpa olunan enerji” kitabına onun müəllifi olduğu “Enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələri: Azərbaycan üçün perspektivlər və çətinliklər” adlı fəsil daxil edilib. Bu tədqiqat beynəlxalq akademik ədəbiyyatda Azərbaycanın bərpa olunan enerji sektoruna dair ilk araşdırmalardan biri kimi qiymətləndirilir və mövzuya marağın artmasına töhfə verib.
Ekspertin sözlərinə görə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin bu sahədə siyasi iradəsini nümayiş etdirir və son illərdə həm dövlət, həm də akademik səviyyədə enerji keçidi və bərpa olunan enerji mövzusunda məlumatlılıq əhəmiyyətli dərəcədə artıb. “Bildiyiniz kimi, məlumatlılıq istənilən işdə konkret məqsədlərə və uğurlara çatmaq üçün çox vacibdir və inanıram ki, müxtəlif sahələrdə müəyyən bir məlumatlılıq səviyyəsinə çata bilmişik və indi daha da sürətliirəliləmək potensialımız var”, - deyə professor bildirib.