Ümumilikdə, hesabat ayında magistral qaz kəmərləri ilə 3 milyard 979,4 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin yanvar ayına nisbətən 11,7 faiz artım müşahidə olunub. Qazın nəqlinin 47,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.