Sahibkar: "ABAD"la birlikdə yeni məhsul çeşidləri üzərində işləyirik

Stendlərin marketlər şəbəkəsində qurulması yeni konsepsiya idi. Biz bu barədə "ABAD"la birlikdə qərara gəldik. Çox uğurlu konsepsiya oldu.

Bunu AZƏRTAC-ın müxbirləri ilə söhbətində "ABAD"çı sahibkar, həkim-nutrisioloq Maya Səbzəliyeva bildirib.

O deyib ki, həm sahibkar, həm də həkim-nutrisioloq kimi fəaliyyət göstərir. “İxtisasca həkim olsam da çalışırdım ki, xəstələri dərmanlarla deyil, təbii vasitələrlə müalicə edim. Xəstəlikdən öncə onun profilaktikasına, həmin məqsədlə isə təbii vasitələrə üstünlük verirdim. Təbii vasitələrdən yağlar çox faydalıdır. Bazarda keyfiyyətli soyuq sıxım yağlarında boşluqlar var idi. Keyfiyyətli yağ çəkmək üçün özüm avadanlıq aldım. Lakin biznes təcrübəm olmadığına görə mənə çətin idi. Nəyi necə edəcəyimi, haradan başlayacağımı bilmirdim. Bununla əlaqədar olaraq, "ABAD"a müraciət etdim. "ABAD" mənə istiqamət verərək çox dəstək oldu. Rəsmi işləmək üçün nə etmək lazım olduğunu, qida təhlükəsizliyinin müvafiq sənədlərini necə əldə edə biləcəyimi bilmirdim. "ABAD" mənə bu istiqamətdə çox məsləhətlər verdi. Mən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdim. Müvafiq sənədləri və sertifikatları əldə etdim. İstehsal zonamı təmin etdim. Hazırda istehsal zonamda hər şey standartlara uyğun səviyyədədir. Daha sonra "ABAD" mənə iri marketlər şəbəkəsinə çıxış imkanı yaratdı. Bu da mənim kimi yeni başlayan sahibkar üçün çox faydalı addım idi. İri marketlərdə sağlam məhsulların olmasına tələbat var idi. Məhsulların sərgilənməsindən əlavə son üç ildir ki, marketlərdə "ABAD"ın dəstəyi ilə stendlərimiz də var. Həmin stendlərdə canlı istehsal prosesi həyata keçirilir. Göz önündə yağlar, əzmələr çəkirik ki, bu da müştərilərin diqqətini cəlb edir. Bu, onlarda güvən hissi yaradır. Müştərilər istehsal prosesini gözləri ilə görür və məhsulları əldə edirlər", - deyə o vurğulayıb.

Artıq 8 ildir ki, bu istiqamətdə işlədiyini deyən Maya Səbzəliyeva "SM FRESH OIL" brendini yaratdığını da diqqətə çatdırıb: "ABAD"la birlikdə fəaliyyət göstərirəm, əməkdaşlığım davam edir. Mənə onların çox dəstəyi olub. "ABAD"çılara dəstək müxtəlif ola bilir və onların ehtiyaclarına uyğun olaraq dəyişir. Məhsulların paketlənməsi və etiketləri özümə aid olsa da, "ABAD" bəzi məhsulların dizaynında mənə dəstək olub. Tanınan iri marketlər şəbəkəsində varıq. Onlayn platformada da məhsullarımız satışdadır. Sosial şəbəkələrdə həmin məhsulların təkcə satışı ilə məşğul olmuram, onların istifadə qaydası haqqında da məlumat verirəm. Maarifləndikdən sonra müştərilər həm güvənərək əldə edirlər, həm də onu necə istifadə edəcəkləri ilə məlumatlanırlar. Sözün düzü, başladığım yolun bu qədər uğurlu olacağını düşünmürdüm. Lakin mən həm inadçı, həm də kreativ, yeniliklərə meyilliyəm. Müştərilərin tələbatlarına uyğun olaraq, çeşidlərimi artırmağa davam edirəm. Bu yola yağlarla başladım, daha sonra çeşidləri artırdım. Qlütensiz unlar istehsal etməyə başladım. Marketlərdə ilk olaraq yerli istehsal kokos unu məhz "ABAD"ın dəstəyi ilə bizim unumuz oldu. Bundan əvvəl vətəndaşlar xarici bazarlardan bəzən onlayn sifariş edərək kokos unu əldə edirdilər. Digər qlütensiz unları ilk olaraq marketlərə "ABAD"ın dəstəyi ilə çıxarmışam. "ABAD"la birlikdə yeni məhsul çeşidləri üzərində işləyirik. Bunlar yağlar, qlütensiz unlar, əzmələr, son çeşid məhsullar, məcunlardır. Yeniliklər üzərində işlədiyimiz, müştərilərə daim yeni məhsullar təqdim etdiyimiz üçün bazarda uğur qazana bilmişik".

Maya Səbzəliyeva AZƏRTAC-ın müxbirlərinə bir neçə məhsulun canlı istehsal prosesini də nümayiş etdirib.