Bakı şəhərində keçiriləcək Dünya Şəhərsalma Forumunu mövcud qlobal kontekstdə son dərəcə əhəmiyyətli hesab edirəm.
Bunu AZƏRTAC-a açıqlamasında Mayami Universitetinin hüquq məktəbinin müəllimi, beynəlxalq iqlim hüququ üzrə tanınmış ekspert Lorena Zenteno Villa deyib.
O bildirib ki, hazırda sürətlənən iqlim böhranı ilə yanaşı, xüsusilə sürətlə urbanizasiya olunan regionlarda dərinləşən mənzil böhranı dövrü yaşanılır. Şəhərlər həm bu problemlərin mərkəzindədir, həm də potensial həll yollarının əsas məkanıdır: “Hər iki ildən bir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhərsalma Forumu dayanıqlı şəhər inkişafı üzrə dialoq üçün aparıcı qlobal platformadır. Forum hökumətləri, şəhərsalma mütəxəssislərini, vətəndaş cəmiyyətini, akademik dairələri və beynəlxalq təşkilatları bir araya gətirərək siyasətlərin, innovasiyaların və qabaqcıl təcrübələrin mübadiləsinə imkan yaradır. Qərarverici orqan olmasa da, qlobal şəhər gündəliyinin formalaşmasında mühüm rol oynayır”.
Ekspert qeyd edib ki, Forumun builki mövzusu olan “Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” xüsusilə aktual əhəmiyyətə malikdir: “İqlim dəyişikliyi bütün dünyada şəhərlərdə istilik dalğalarının, daşqınların, məcburi köçkünlüyün və infrastruktur yüklənməsinin artmasına səbəb olur və bu proseslər qeyri-adekvat və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan əhaliyə daha çox təsir göstərir. Buna görə də mənzil məsələsi təkcə sosial problem deyil, eyni zamanda, iqlimə davamlılıq və insan təhlükəsizliyi məsələsidir. WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün həm daxili, həm də beynəlxalq müstəvidə mühüm əhəmiyyətə malikdir. Daxili baxımdan bu, dayanıqlı şəhərsalma və uzunmüddətli davamlılıqla bağlı müzakirələri gücləndirir. Beynəlxalq səviyyədə isə ölkəni dayanıqlı şəhərlər və iqlimə uyğunlaşma ilə bağlı qlobal müzakirələrin fəal iştirakçısı kimi mövqeləndirir. Bu məsələlər qarşıdakı onilliklərdə şəhər inkişafının əsas istiqamətlərini müəyyən edəcək”.