Pakistanlı ekspert: Azərbaycan Qərblə Asiya məkanı arasında nəqliyyat-logistika bağlantısının təbii qovşağına çevrilir

Qlobal təhlükəsizlik arxitekturası sistemli dəyişiklik mərhələsinə daxil olub. Əvvəlki qaydalar universallığını itirir, regional təşəbbüslərin əhəmiyyəti isə artır. Avrasiya və Cənubi Qafqaz tədricən xarici güclərin rəqabət məkanından yerli dövlətlərin siyasi və strateji hesablamalarının daha çox ön plana çıxdığı zonaya çevrilir. Yeni geosiyasi şəraitdə müxtəlif siyasi və iqtisadi məkanları birləşdirə bilən ölkələrin əhəmiyyəti artır. Azərbaycan xarici təsir obyekti kimi deyil, getdikcə daha çox regional sabitliyin formalaşmasında müstəqil iştirakçı kimi qəbul olunur. Onun coğrafi mövqeyi, enerji potensialı və tranzit imkanları dəyişən təhlükəsizlik sistemində mühüm yer tutur.

Artan qeyri-müəyyənlik fonunda Bakı balans, çoxtərəflilik və praqmatizmə əsaslanan xarici siyasət modeli formalaşdırır. Bu yanaşma Azərbaycana rəqabət aparan güc mərkəzləri ilə eyni vaxtda əməkdaşlıq etməyə və onlardan hər hansı birinə sərt şəkildə bağlanmamağa imkan verir. Cənubi Qafqaz yeni regional əməkdaşlıq formatlarının sınaq meydanına çevrilir. Mövcud şəraitdə Azərbaycanın rolu milli maraqlar çərçivəsini aşaraq regional miqyas qazanır. Avrasiyanın gələcək təhlükəsizlik konturları məhz bu tip dövlətlərin iştirakı ilə formalaşır.

Pakistanlı ekspert, strateji araşdırmalar üzrə professor, fəlsəfə doktoru (PhD), Hərbi Hava Qüvvələri Universitetinin Aerokosmik və strateji araşdırmalar fakültəsinin (FASS) dekanı və Strateji araşdırmalar kafedrasının müdiri vəzifəsini icra edən Adil Sultan AZƏRTAC-ın suallarını cavablandırır.

– Artan qlobal turbulentlik fonunda Avrasiya və Cənubi Qafqazda regional təhlükəsizlik arxitekturasının transformasiyasını necə qiymətləndirirsiniz? Bu proseslərdə Azərbaycanın rolu nədən ibarətdir?

– Təkqütblü dünya nizamının zəifləməsi və yeni güc mərkəzlərinin yüksəlişi bir sıra regional dövlətlər, o cümlədən Avropa ilə Asiyanı birləşdirən strateji məkanda yerləşən Azərbaycan üçün həm imkanlar, həm də çağırışlar yaradır. Avropa böhran dövrü yaşayır, yeni daxili və regionlararası ittifaqlar axtarır. Çin isə alternativ güc mərkəzi kimi mövqeyini möhkəmləndirir. Belə şəraitdə Azərbaycan kimi ölkələr “orta güc” qismində çıxış edərək yeni regional təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verə bilər.

– Türkiyənin Cənubi Qafqazda strateji balans amili kimi rolunu necə dəyərləndirirsiniz? Azərbaycan–Türkiyə əməkdaşlığı regional təhlükəsizlik arxitekturasını nə dərəcədə dəyişir?

– Türkiyə regionda güclü aktordur. O, Azərbaycanın Asiya və Avropa ilə tərəfdaşlıq əlaqələrini genişləndirməsinə mühüm dəstək verə bilər.

– Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İranın Cənubi Qafqaza münasibəti hansı strateji əhəmiyyət kəsb edir? Azərbaycan öz sərhədlərində sabitliyi qoruyub saxlamaqla riskləri necə minimuma endirir?

– ABŞ-nin artan təzyiqləri fonunda İranın qonşu regionlarda, o cümlədən Cənubi Qafqaz və Yaxın Şərqdə təsir imkanlarının əhəmiyyətli dərəcədə azalacağı ehtimal olunur. İranla ABŞ və ya İsrail arasında yeni münaqişə bütün regionda sabitliyi pozan amilə çevrilə bilər. Buna görə Pakistan və Azərbaycan kimi ölkələr böhranların diplomatik vasitələrlə və davamlı əsasda tənzimlənməsində fəal rol oynamalıdır.

– Avropa İttifaqının Cənubi Qafqaz siyasətini necə qiymətləndirirsiniz? Normativ yanaşmadan daha realist geosiyasi düşüncəyə keçid müşahidə olunurmu və bu prosesdə Azərbaycanın yeri haradadır?

– Avropa İttifaqı təhlükəsizlik baxımından daha həssas regiona çevrilib. ABŞ-nin rəhbərlik etdiyi təhlükəsizlik arxitekturasından daha müstəqil mövqe tutmaq çağırışları güclənir. Bu, Azərbaycan və Türkiyə kimi ölkələr üçün yeni iqtisadi və müdafiə tərəfdaşlıqlarının qurulması baxımından imkanlar yaradır.

– Çinin Avrasiyada infrastruktur və logistika layihələri vasitəsilə artan mövcudluğunu necə qiymətləndirirsiniz? Pekinin transkontinental bağlantı üzrə strateji baxışında Azərbaycan hansı rolu oynaya bilər?

– Geostrateji baxımdan mühüm nöqtədə yerləşən Azərbaycan Qərblə daha geniş Asiya məkanı arasında nəqliyyat və logistika bağlantısının təbii qovşağına çevrilir. Çinin transkontinental bağlantı üzrə strateji baxışında fəal iştirak etməklə Azərbaycan həm iqtisadi, həm də müdafiə maraqlarını reallaşdıra, eyni zamanda region ölkələrinin iqtisadi tərəfdaşlıqlarının inkişafına töhfə verə bilər.