Bəzi OPEC+ ölkələri neft hasilatının artırılması barədə razılığa gəliblər

Səkkiz OPEC+ ölkəsi - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın nümayəndələri qlobal bazar şərtlərini və perspektivlərini nəzərdən keçirmək üçün videokonfrans formatında görüş keçiriblər.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, görüşdə sabit qlobal iqtisadi perspektivlər və mövcud sağlam bazar fundamentalları nəzərə alınmaqla, səkkiz ölkə 2023-cü ilin aprel ayında razılığa gəlinən istehsalın gündəlik 1,65 milyon barelinin azaldılmasına dair könüllü düzəlişləri bərpa etmək barədə qərar verib və sutkalıq neft hasilatının 206 min barel artırılması ilə bağlı anlaşıblar. Bu tədbirin iştirakçı ölkələrə kompensasiyalarını sürətləndirmək üçün fürsət yaradacağı bildirilib. Qərar cari ilin aprel ayında qüvvəyə minəcək.

Vurğulanıb ki, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman hasilatı tənzimləyir və bazar sabitliyinə sadiqliyini təsdiqləyir. Gündəlik 1,65 milyon barel neft dəyişən bazar şərtlərinə uyğun olaraq, qismən və ya tam şəkildə bazara geri qaytarıla bilər. Ölkələr bazar şərtlərini yaxından izləməyə və qiymətləndirməyə davam edəcəklər. Eyni zamanda, bazar sabitliyini dəstəkləmək üçün davamlı səylərində ehtiyatlı yanaşma tətbiq etməyin və könüllü istehsal düzəlişlərinin artırılması, dayandırılması və ya ləğv edilməsinin, o cümlədən 2023-cü ilin noyabr ayında əldə edilmiş gündəlik 2,2 milyon barel həcmində könüllü düzəlişlərin ləğv olunmasını təmin etmək üçün tam elastikliyin qorunmasının vacibliyini bir daha təsdiqləyiblər.

Səkkiz ölkə Nazirlər Birgə Monitorinq Komitəsi (JMMC) tərəfindən izləniləcək əlavə könüllü istehsal düzəlişləri də daxil olmaqla, Əməkdaşlıq Bəyannaməsi üzrə tam uyğunluğa nail olmaq üçün kollektiv öhdəliklərini, həmçinin 2024-cü ilin yanvar ayından bəri hər hansı artıq istehsal həcmini tam kompensasiya etmək niyyətlərini təsdiqləyiblər. Ölkələr bazar şərtlərini, uyğunluğu və kompensasiyaları nəzərdən keçirmək üçün aylıq görüşlər keçirəcəklər. Növbəti görüş aprelin 5-də baş tutacaq.