TAP-ın idarəedici direktoru ötürücülük qabiliyyətinin 20 milyard kubmetri ötməsini şərh edib (ÖZƏL MÜSAHİBƏ)

Transadriatik Qaz Kəmərinin (TAP) ötürmə qabiliyyətinin ildə 20 milyard kubmetrdən yuxarı artırılmasının müddətləri əsasən bazar konyunkturası ilə müəyyən olunur.

Bunu TAP-ın idarəedici direktoru Luka Skyeppati Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası dünyanın müxtəlif ölkələrindən nümayəndələri, beynəlxalq təşkilatları, maliyyə institutlarını və enerji sənayesinin iştirakçılarını bir araya gətirən əsas platformadır. Bu platforma Avropanın enerji təhlükəsizliyini təmin edən və təchizatın şaxələndirilməsinə töhfə verən zəruri önəmli infrastruktur kimi dəhlizin strateji əhəmiyyətinin müzakirəsi üçün imkan yaradır.

“2025-ci ildə TAP bir neçə mühüm mərhələyə nail olub: Avropaya 50 milyard kubmetr təbii qazın nəqlindən tutmuş, istismar fəaliyyətinin beş ilinin tamamlanmasına və qaz axını dayandırılmadan, vaxtında və büdcə çərçivəsində genişləndirmənin ilk mərhələsinin uğurla həyata keçirilməsinədək. Bu səviyyədə səmərəlilik milli tənzimləyici orqanlar, iştirakçı ölkələrin hökumətləri, Avropa İttifaqı institutları, əlaqəli operator şirkətlər və “Upstream” sektorundakı tərəfdaşlarla sıx əlaqələndirmə olmadan mümkün olmazdı. Bu isə daha geniş qaz şəbəkəsi çərçivəsində əməkdaşlığın vacibliyini göstərir. Bu kontekstdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası həmin tərəfdaşlarla birbaşa əlaqə və bu strateji enerji dəhlizinin gələcəyi barədə fikir mübadiləsi üçün mühüm imkan yaradır”, – deyə idarəedici direktor vurğulayıb.

L.Skiyeppati bildirib ki, ilin əvvəlindən etibarən TAP 2021-ci il bazar testi çərçivəsində bron edilmiş əlavə 1,2 milyard kubmetr uzunmüddətli illik gücü bazara təqdim edir.

“Bu əlavə uzunmüddətli güc TAP-ın Yunanıstandakı kompressor stansiyasında işlərin uğurla başa çatdırılması sayəsində mümkün olub və bununla ötürücülük qabiliyyətinin genişləndirilməsinin ilk mərhələsi gerçəkləşdirilib. 2024-cü ilin yanvarında başlanmış layihə vaxtında və təhlükəsiz şəkildə icra edilib ki, bu da TAP-ın əməliyyat dayanıqlığını, yüksək planlaşdırma səviyyəsini və icranın qüsursuzluğunu nümayiş etdirir. Bazar tərəfindən maraq olduğu halda TAP ötürmə qabiliyyətini daha da artırmaq potensialına malikdir və bu göstərici ildə 20 milyard kubmetrdən də artıq ola bilər”, – o izah edib.

Skiyeppatinin sözlərinə görə, istənilən növbəti genişləndirmə ən azı iki ildən bir keçirilən açıq, şəffaf və ayrı-seçkiliyə yol verilməyən bazar testi proseduru vasitəsilə başlana bilər. Əlavə genişləndirmənin miqyası və müddəti test çərçivəsində toplanan məcburi güc sifarişlərinin həcmi və onların iqtisadi məqsədəuyğunluğundan asılı olacaq. “Beləliklə, ötürmə qabiliyyətinin ildə 20 milyard kubmetrdən yuxarı səviyyəyə çatmasının qrafiki ilk növbədə bazar konyunkturası ilə müəyyən edilir”, – deyə idarəedici direktor vurğulayıb.

 

İdarəedici direktor xatırladıb ki, 2025-ci ilin iyul ayında başlanmış bazar testi hal-hazırda da davam edir.

“TAP ENTSOG-un Hərrac Təqviminə uyğun olaraq PRISMA bronlaşdırma platforması vasitəsilə bazara qısamüddətli məhsullar üzrə ötürmə gücləri təklif edir”, – deyə o əlavə edib.

Tədarük həcmlərinə gəlincə, L.Skiyeppati qeyd edib ki, istismara verildiyi vaxtdan bəri kəmər vasitəsilə Avropaya 55,7 milyard kubmetrdən çox qaz nəql olunub. “Bu həcmin 46,4 milyard kubmetri İtaliyaya, 5,3 milyard kubmetri Yunanıstana, 3,7 milyard kubmetri isə Bolqarıstana çatdırılıb. 2026-cı ilin əvvəlindən etibarən (21 fevral 2026-cı il tarixinə) biz artıq Avropaya 1,5 milyard kubmetrdən çox qaz tədarük etmişik”, – deyə idarəedici direktor bildirib.

Emissiyaların azaldılması siyasətinə toxunan idarəedici direktor vurğulayıb ki, TAP enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Avropanın enerji keçidinin dəstəklənməsində öz rolunu tam şəkildə dərk edir.

“Əməliyyat fəaliyyəti ilə paralel olaraq TAP öz əməliyyatlarının karbonsuzlaşdırılması istiqamətində irəliləyir. TAP-ın 2050-ci ilədək Enerji Keçidi üzrə Uzunmüddətli Strategiyası çərçivəsində şirkət 2022–2025-ci illəri əhatə edən Karbon Emissiyalarının İdarəedilməsi Planını həyata keçirib. Plan TAP-ın karbon izinin proqnoz göstəricilərlə müqayisədə 5 faiz, metan emissiyalarının 8 faiz azaldılmasına, həmçinin eyni dövr üzrə sızmaların aşkarlanması və aradan qaldırılması proqramının (LDAR) ilkin göstəriciləri ilə müqayisədə sızmaların 54 faiz azaldılmasına yönəlmiş 50-dən çox təşəbbüsü əhatə edirdi.

TAP qarşıya qoyulmuş qısamüddətli hədəflərə nail olmaq istiqamətində uğurla irəliləyir. 2025-ci ildə şirkət proqnozla müqayisədə ümumi istixana qazı emissiyalarını 25 faizdən çox, metan emissiyalarını isə 50 faizdən artıq azaldıb, eyni zamanda sızmaları ilkin göstəricilərlə müqayisədə 85 faizdən çox aşağı salıb. Karbonsuzlaşdırma üzrə səylərimiz enerji səmərəliliyi tədbirləri, elektrikləşdirmə üzrə araşdırmalar, hidrogen və biometandan mümkün istifadə, eləcə də bu il OGMP 2.0 Gold Standard səviyyəsinə nail olmaq məqsədilə Metan Emissiyalarının Azaldılması Planının həyata keçirilməsi vasitəsilə birbaşa CO₂ emissiyalarının azaldılmasına yönəlib”, – deyə Luka Skiyeppati yekunlaşdırıb.