TAP karbonsuzlaşdırma üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq istiqamətində uğurla irəliləyir - İdarəedici direktor

Transadriatik Qaz Kəməri (TAP) karbonsuzlaşdırma üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq istiqamətində uğurla irəliləyir.

Bunu TAP-ın idarəedici direktoru Luka Skyeppati Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

Emissiyaların azaldılması siyasətinə toxunan idarəedici direktor vurğulayıb ki, TAP enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Avropanın enerji keçidinin dəstəklənməsində öz rolunu tam şəkildə dərk edir.

“Əməliyyat fəaliyyəti ilə paralel olaraq TAP öz əməliyyatlarının karbonsuzlaşdırılması istiqamətində irəliləyir. TAP-ın 2050-ci ilədək Enerji Keçidi üzrə Uzunmüddətli Strategiyası çərçivəsində şirkət 2022–2025-ci illəri əhatə edən Karbon Emissiyalarının İdarəedilməsi Planını həyata keçirib. Plan TAP-ın karbon izinin proqnoz göstəricilərlə müqayisədə 5 faiz, metan emissiyalarının 8 faiz azaldılmasına, həmçinin eyni dövr üzrə sızmaların aşkarlanması və aradan qaldırılması proqramının (LDAR) ilkin göstəriciləri ilə müqayisədə sızmaların 54 faiz azaldılmasına yönəlmiş 50-dən çox təşəbbüsü əhatə edirdi.

 

TAP qarşıya qoyulmuş qısamüddətli hədəflərə nail olmaq istiqamətində uğurla irəliləyir. 2025-ci ildə şirkət proqnozla müqayisədə ümumi istixana qazı emissiyalarını 25 faizdən çox, metan emissiyalarını isə 50 faizdən artıq azaldıb, eyni zamanda sızmaları ilkin göstəricilərlə müqayisədə 85 faizdən çox aşağı salıb. Karbonsuzlaşdırma üzrə səylərimiz enerji səmərəliliyi tədbirləri, elektrikləşdirmə üzrə araşdırmalar, hidrogen və biometandan mümkün istifadə, eləcə də bu il OGMP 2.0 Gold Standard səviyyəsinə nail olmaq məqsədilə Metan Emissiyalarının Azaldılması Planının həyata keçirilməsi vasitəsilə birbaşa CO₂ emissiyalarının azaldılmasına yönəlib”, – deyə Luka Skiyeppati yekunlaşdırıb.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edir, eyni zamanda onun 20 milyard kubmetrədək artırılması imkanı nəzərdə tutulub.

Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olan Transadriatik qaz kəməri Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından təbii qazı birbaşa Avropa bazarlarına nəql edir.

2026-cı il yanvarın 1-dən etibarən TAP qazın nəqli üzrə yeni saziş (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə qabiliyyəti təqdim edib.