Moldova neft məhsullarının saxlanması infrastrukturuna Azərbaycandan investisiyaların cəlb edilməsində maraqlıdır.
Bunu Moldovanın energetika naziri Dorin Jungietu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclası çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Molodvanın təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsi istiqamətində göstərdiyi mühüm səyləri nəzərə alaraq, Azərbaycan ölkəmiz üçün potensial strateji tərəfdaşdır”, – deyə o qeyd edib.
Bu kontekstdə Jungietu vurğulayıb ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclasında iştirakı çərçivəsində qarşıya qoyduğu məqsədlərdən biri Azərbaycanla enerji əlaqələrinin möhkəmləndirilməsidir. Bu, təbii qaz və neft məhsullarının ixracı sahəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq imkanlarının öyrənilməsini da əhatə edir.
“Molodva təbii qaz tədarükündən kənarda da Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə, o cümlədən enerji infrastrukturu və birgə layihələr sahəsində əməkdaşlığa açıqdır. Əməkdaşlıq üçün konkret potensiala malik istiqamətlərdən biri neft məhsulları sektoru, xüsusilə də neft məhsullarının saxlanması sahəsidir”, – deyə Nazir bildirib.
O qeyd edib ki, bu çərçivədə Moldova xam neft və/və ya neft məhsullarının minimum ehtiyatlarının saxlanılması öhdəliyi haqqında 2009/119/ЕС Direktivinin milli qanunvericiliyə uyğunlaşdırılması prosesini həyata keçirir. Bu isə müvafiq saxlama güclərinin və adekvat institusional mexanizmlərin yaradılmasını nəzərdə tutur.
“Bu sistemin tətbiqi xarici investisiyalar və bu sahədə müvafiq təcrübəyə malik beynəlxalq iştirakçılarla tərəfdaşlıq üçün imkanlar yaradır”, – deyə Jungietu əlavə edib.
Nazir vurğulayıb ki, Moldova hakimiyyəti neft məhsullarının saxlanması infrastrukturuna, eləcə də digər əlaqəli enerji layihələrinə Azərbaycandan investisiyaların cəlb edilməsində maraqlıdır. Bu investisiyalar Avropa standartlarına uyğun, şəffaf və rəqabətli bazar şərtləri əsasında həyata keçirilməlidir.
“Belə təşəbbüslər həm Moldovanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də ikitərəfli iqtisadi əməkdaşlığın şaxələndirilməsinə töhfə verəcək. Moldova “Lukoil” şirkətinin neft məhsulları bazarından çıxışını nəzərə alaraq strateji investor axtarır. Bu kontekstdə Moldova SOCAR kimi Azərbaycan şirkətlərini milli bazarda mövcud imkanları araşdırmağa dəvət edir. Yeni investorların mövcud tərəfdaşlarla inteqrasiya olunması və ölkənin enerji infrastrukturunun inkişafına töhfə verməsi vacibdir. Etibarlı biznes tərəfdaşı kimi tanınan SOCAR neft məhsulları sektorunda yüksək keyfiyyətli xidmətlər göstərir və ciddi təhlükəsizlik standartlarına əməl edir. Təklif olunan əməkdaşlıq həmçinin Moldovanın enerji sektorunda investisiya mühiti barədə məlumat mübadiləsini, yeni investisiyaların cəlb olunmasını və iki dövlət arasında strateji tərəfdaşlıqların təşviqini əhatə edə bilər”, – deyə Jungietu bildirib.
Nazir xatırladıb ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci nazirlər iclasında iştirak məqsədilə Bakıya rəsmi səfəri zamanı o, bir sıra yüksək səviyyəli görüşlər keçirib.
“Müzakirələr enerji sektorunda əməkdaşlıq imkanlarına, xüsusilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsinə və elektrik enerjisinin istehsalı və paylanması üzrə müasir texnologiyaların tətbiqinə yönəlib”, – deyə o bildirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüş zamanı nazir Dorin Junghietu Moldovanın enerji mənbələrinin şaxələndirilməsi, eləcə də Azərbaycandan neft məhsulları və təbii qaz idxalına marağını vurğulayıb. Nazir həmçinin Azərbaycan şirkətlərinin Moldova enerji bazarına investisiya qoyuluşunun cəlb edilməsini müzakirə edərək, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.
“Eyni zamanda Moldovada neft məhsulları bazarı liberallaşdırılmış, açıq və rəqabətlidir ki, bu da qüvvədə olan qanunvericilik və normativ tələblərə cavab verən bütün təchizatçılar üçün bazara çıxış imkanı yaradır. Bu baxımdan bazar Azərbaycan neft məhsulları təchizatçıları üçün də açıqdır. Neft məhsullarının tədarükü kommersiya əsaslarla, bazar şərtlərinə uyğun həyata keçirilir və dövlət uzunmüddətli tədarük müqavilələri bağlamır. Neft məhsullarının, o cümlədən Azərbaycandan idxalı ilə bağlı qərarlar iqtisadi və logistika amillərini nəzərə alaraq təchizat mənbələrini sərbəst seçən özəl iqtisadi operatorlar tərəfindən qəbul edilir”, – deyə Jungietu izah edib.
O vurğulayıb ki, Moldova hakimiyyəti bazarın səmərəli fəaliyyəti və təchizat mənbələrinin şaxələndirilməsi üçün zəruri normativ-hüquqi və institusional bazanı təmin edir, eyni zamanda Avropa standartlarına uyğun yeni təchizatçıların bazara daxil olması üçün əlverişli şərait yaradır.
Uzunmüddətli qaz müqavilələrinin perspektivləri
Jungietu bildirib ki, Moldova öz dövlət enerji şirkəti “Energocom” vasitəsilə Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə konstruktiv dialoq aparır.
Nazir qeyd edib ki, hazırda “Energocom” ilə SOCAR arasında ümumi kommersiya şərtlərini müəyyən edən çərçivə sazişi mövcuddur və bu saziş bazar konyunkturasından asılı olaraq həm spot, həm də qısamüddətli əsasda əməliyyatların həyata keçirilməsinə imkan verir.
“Bu kontekstdə şirkətlər artıq mövcud bazar vəziyyətinə uyğun olaraq qaz həcmləri ilə çevik ticarət apara bilirlər. Bununla yanaşı, Azərbaycandan, o cümlədən potensial uzunmüddətli müqavilələr çərçivəsində qazın iqtisadi cəhətdən məqsədəuyğun şəkildə alınmasına əsas məhdudlaşdırıcı amil logistika məsələləri - xüsusilə mövcud marşrutlar üzrə nəql xərcləridir. Müvafiq dəhlizlər üzrə nəqliyyat sistemləri operatorlarının tətbiq etdiyi tariflər hələ də yüksək olaraq qalır və çatdırılan qazın qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərir”, - deyə nazir vurğulayıb.
Jungietu bildirib ki, “Energocom” Transbalkan marşrutu və digər regional nəqliyyat dəhlizləri ilə bağlı prosesləri diqqətdə saxlayır.
“Əgər infrastrukturun daha da optimallaşdırılması və rüsumların azaldılması ümumi nəqliyyat şərtlərini yaxşılaşdırarsa, “Energocom” uzunmüddətli müqavilə sazişləri üzrə danışıqların irəlilədilməsi imkanını, o cümlədən SOCAR ilə əməkdaşlığı nəzərdən keçirməyə hazır olacaq. Lakin hazırkı mərhələdə qaz təchizatı üzrə məcburi uzunmüddətli müqavilənin bağlanması ilə bağlı yekun razılaşma yoxdur”, - deyə nazir əlavə edib.
Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə qaz tədarükünə gəldikdə isə, nazir xatırladıb ki, noyabr ayında Milli Enerji Tənzimləmə Agentliyi (ANRE) transsərhəd ötürmə qabiliyyətinə malik iki yeni xüsusi marşrutun — “Route 2” və “Route 3”ün tətbiqi barədə qərar qəbul edib. Bu marşrutlar Transbalkan infrastrukturundan istifadə etməklə Yunanıstandan Ukraynaya təbii qaz axınlarının asanlaşdırılmasına yönəlib.
“Bu güclər 2025-ci ilin dekabr ayından 2026-cı ilin aprel ayınadək mövcuddur. Qərar 2025-ci ilin may və oktyabr aylarında ANRE tərəfindən qəbul edilmiş və Moldova Respublikasının təbii qaz ötürmə sisteminin operatoru olan “Vestmoldtransqaz” MMC-nin Transbalkan qaz kəməri boyunca yerləşən birləşmə nöqtələrindən istifadə üçün nəzərdə tutulan “Route 1”in tətbiqi ilə bağlı təklifini təsdiqləyən qərarları tamamlayır. Həmin qaz kəməri Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın təbii qaz ötürmə sistemlərini birləşdirir”, - deyə nazir bildirib.
Eyni zamanda, Jungietu qeyd edib ki, cəlb olunmuş nəql sistemi operatorları və milli tənzimləyici orqanlar marşrut boyu kompleks məhsul çərçivəsində qazın nəqli tarifinə 50% endirimin tətbiqi barədə razılığa gəliblər.
“Bu tədbir qaz anbarlarının doldurulması və istifadəsinin asanlaşdırılmasına, həmçinin qış dövründə Ukraynanın qaz tələbatının təmin edilməsinə yönəlib. Həm iki xüsusi transsərhəd kompleks məhsul — “Route 2” və “Route 3”, həm də əvvəllər tətbiq edilmiş “Route 1” Moldovanın Avropanın təbii qaz bazarları ilə daha da inteqrasiyası istiqamətində konkret addımlardır.
Bu təşəbbüslər Transbalkan marşrutunun Şaquli Qaz Dəhlizinin ayrılmaz hissəsi kimi istifadəsinə töhfə verir. Regional təbii qaz bazarındakı vəziyyətin inkişafından asılı olaraq, Moldova enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, təchizat mənbələrinin və marşrutlarının şaxələndirilməsinə, eləcə də milli enerji sisteminin dayanıqlılığının artırılmasına xidmət edə biləcək bütün mümkün inteqrasiya imkanlarına açıq qalır”, - deyə nazir əlavə edib.
Moldovanın Azərbaycan- Avropa “yaşıl dəhlizin”ə qoşulması
Dorin Jungietu bildirib ki, Moldova “Green Energy Corridor” layihəsinə maraq göstərir. Bu, Azərbaycandan Avropa bazarlarına “yaşıl” elektrik enerjisinin ixracına yönəlmiş regional təşəbbüsdür.
“Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji gücünü 6 QVt-a çatdırmağı hədəfləyir ki, bu da ölkəni regional ‘yaşıl’ enerji mərkəzinə çevirəcək. Bu isə elektrik enerjisi sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən ‘yaşıl’ enerjinin Avropaya nəqli üzrə regional layihələr baxımından imkanlar açır. Bu kontekstdə Moldova, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən imzalanmış ‘yaşıl’ enerjinin inkişafı və ötürülməsi üzrə Memorandumda təsbit olunmuş Qara dənizdən keçən sualtı kabel layihəsi də daxil olmaqla, “Green Energy Corridor” layihəsinə maraq göstərir”, - deyə o əlavə edib.
Nazir qeyd edib ki, Moldova bu çərçivədə özünü elektrik enerjisi sahəsində regional qarşılıqlı əlaqələr arxitekturasının potensial benefisiarı, idxalçısı və iştirakçısı kimi mövqeləndirir və layihədə mümkün iştirak imkanlarını araşdırmaq məqsədilə Azərbaycan tərəfi və regional tərəfdaşlarla dialoqu davam etdirməyə hazırdır. İctimaiyyətə açıq olan informasiyaya əsasən, ilkin mərhələdə ötürülməsi nəzərdə tutulan güc 4 QVt-a qədərdir.
“Bu təşəbbüslərdə Moldovanın iştirakı elektrik enerjisi təchizatı mənbələrinin şaxələndirilməsinə və milli enerji təhlükəsizliyinin gücləndirilməsinə kömək edəcək. Bu kontekstdə Moldova tərəfi Azərbaycan tərəfi və müvafiq regional tərəfdaşlarla birlikdə texniki və institusional əməkdaşlıq variantlarını, o cümlədən layihənin əlaqələndirmə strukturlarında müşahidəçi statusunun əldə edilməsi imkanını nəzərdən keçirməyə hazırdır”, - deyə Jungietu bildirib.
O, həmçinin Azərbaycanın təşəbbüslərində iştirak vasitəsilə yerli “yaşıl” layihələrə investisiyaların cəlb olunması məsələsinə toxunub.
“Masdar və ACWA Power kimi şirkətlərin regiona olan marağını nəzərə alaraq, Moldova günəş və külək enerjisi sahəsində— yəqin ki, Azərbaycandakı iri investisiyalara əlavə regional paketlərin tərkibində- öz potensialını təklif edə bilər. Məsələn, əgər Masdar Azərbaycanda 500 MVt gücündə günəş elektrik stansiyası layihəsi həyata keçirirsə, Moldovada 50 MVt gücündə günəş panellərinə investisiya onların portfelinin regional genişləndirilməsinin bir hissəsi kimi nəzərdən keçirilə bilər (Aİ-nin ‘yaşıl’ Şərq Tərəfdaşlığı çərçivəsində dəstək proqramlarından yararlanmaq imkanı ilə)”, — deyə nazir əlavə edib.
Bundan əlavə, o bildirib ki, Moldova Energetika Nazirliyi Azərbaycan şirkətlərini bərpa olunan enerji mənbələri (BEM) sahəsində layihələrin icrası üzrə tenderlərdə iştirak etməyə dəvət edir.
“Energetika Nazirliyi Azərbaycan şirkətlərini bərpa olunan mənbələrdən elektrik enerjisinin iri ixtisaslı istehsalçısı statusunun verilməsi üzrə yeni tender mərhələsində iştirak etməyə dəvət edir. Bu mərhələ quraşdırılmış gücü 170 MVt-dək olan yerüstü külək elektrik stansiyalarının inkişafına yönəlib və hər 1 MVt külək gücünə görə 0,25 MVt·saat həcmində batareya əsaslı enerji saxlama sistemi (BESS) tələbini nəzərdə tutur. Rəsmi tender sənədləri 19 dekabr tarixində Energetika Nazirliyinin saytında dərc olunub”, — deyə o izah edib.
Jungietu qeyd edib ki, texniki və maliyyə təkliflərinin təqdim olunması üçün son tarix 31 mart 2026-cı il, saat 23:59 (Şərqi Avropa vaxtı) müəyyən edilib.
“Bu çərçivədə, 29 yanvar 2026-cı il tarixində Kişinyovda yürüstü külək layihələri və enerji saxlama sistemlərinə (BESS) həsr olunmuş İnvestor Konfransı keçirilib. Tədbirdə potensial investorlar və külək layihələrinin inkişaf etdiriciləri, texnoloji həllərin təchizatçıları, dövlət orqanlarının və ixtisaslaşmış qurumların nümayəndələri, biznes ictimaiyyəti və KİV təmsilçiləri, eləcə də iri ixtisaslı istehsalçı statusu əldə etməyə maraqlı digər tərəflər iştirak ediblər”, — deyə o bildirib.
Nazir xatırladıb ki, 2025-ci ilin aprel ayında Azərbaycan Bərpa Olunan Enerji Agentliyi ilə Moldova Respublikasının Milli Dayanıqlı Enerji Mərkəzi arasında bərpa olunan enerji sahəsində Anlaşma Memorandumu imzalanıb. Memorandum iki ölkə arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, birgə tədqiqatlara və BEM sahəsində innovativ texnologiyaların hazırlanmasına yönəlib.