Avropa İttifaqı , Azərbaycan və Ukrayna arasında əməkdaşlıq Avropanın yeni enerji arxitekturasını formalaşdırır.
Trend xəbər verir ki, bunu Ukraynanın energetika nazirinin birinci müavini Artyom Nekrasov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında bildirib.
“Azərbaycan üçün Ukrayna və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlığın inkişafı təbii qazın Avropa bazarına ixracının genişləndirilməsi baxımından yeni perspektivlər açır. Əlavə nəqliyyat marşrutlarının inkişafı və regional infrastrukturdan istifadə satış bazarlarının şaxələndirilməsinə, Cənub Qaz Dəhlizinin səmərəliliyinin artırılmasına və Azərbaycan enerji şirkətləri üçün yeni kommersiya imkanlarının yaradılmasına şərait yaradır”, – deyə o qeyd edib.
A.Nekrasov vurğulayıb ki, Cənub Qaz Dəhlizinin gələcək inkişafı, TANAP və TAP qaz kəmərlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi, eləcə də Xəzər regionunda yeni yataqların istismara verilməsi Avropaya təbii qaz tədarükünün əhəmiyyətli dərəcədə artırılması üçün zəmin yaradır.
“Bu sistemdə Azərbaycan etibarlı resurs təchizatçısı, Avropa İttifaqı əsas satış bazarı kimi çıxış edir, Ukrayna isə regionda enerji axınlarının çevikliyini və sabitliyini təmin edən mühüm infrastruktur-logistika habı rolunu oynaya bilər. Beləliklə, təbii qaz sahəsində Avropa İttifaqı, Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafı Avropanın yeni, daha dayanıqlı və şaxələndirilmiş enerji arxitekturasının formalaşmasında əsas elementlərdən birinə çevrilmək potensialına malikdir”, – deyə nazir müavini bildirib.