Şimali Makedoniya Azərbaycandan qaz tədarükü hesabına elektrik enerjisi istehsalını balanslaşdırmağı hədəfləyir - Nazir (ÖZƏL)

Uzunmüddətli strategiyamız çərçivəsində Azərbaycandan qaz tədarükünü təmin etməyi planlaşdırırıq. Məqsəd bu qazdan koordinasiya planlarımızda istifadə etməkdir.

Bunu Şimali Makedoniya Respublikasının energetika, mədənçilik və mineral ehtiyatlar naziri Goran Nikolovski bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, baza və pik yüklərin qarşılanmasına, eləcə də bərpa olunan enerji mənbələrinin çevikliyinin təmin edilməsinə imkan verəcək:

"Ölkəmizdə təxminən 2 giqavat həcmində bərpa olunan enerji gücü mövcuddur. Azərbaycandan qaz tədarükü hesabına elektrik enerjisi istehsalını balanslaşdırmağı hədəfləyirik. Xüsusilə gecə saatlarında və istehsalın aşağı olduğu dövrlərdə bu balanslaşdırma vacibdir.

 

Bu sahədə əməkdaşlığın genişləndirilməsinə gəldikdə isə, indiyədək müəyyən irəliləyişlər əldə olunub. Azərbaycanınmüvafiq qurumları ilə birgə işçi qrupları yaradılıb və bu mexanizm vasitəsilə iki nazirlik arasında əməkdaşlığın daha da artırılması nəzərdə tutulur".

Nazir yeni sənədlərin imzalanması məsələsinə gəlincə vurğulayıb ki, 2024-cü ilin dekabr ayında iki ölkə arasında müvafiq memorandum imzalanıb:

"Qarşıdakı dövrdə ölkəmizdə qaz layihələri yekunlaşdıqdan sonra yeni memorandumun imzalanması planlaşdırılır. Həmin sənəd əsasında isə daha geniş əməkdaşlıq sazişinin bağlanması nəzərdə tutulur".

"Bu konfransla bağlı gözləntilərimiz böyükdür. Nazirlər səviyyəsində keçirilən bu görüşdə yeni üzvlərin qoşulacağını gözləyirik. Hesab edirəm ki, xüsusilə Avropanın cənub-şərq hissəsində kifayət qədər təbii qaz ehtiyatları mövcuddur. Bu baxımdan, təşəbbüsü Avropaya tədarük olunan qaz mənbələrinin şaxələndirilməsi üçün real imkan kimi görürük. Eyni zamanda, bu proses Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verə bilər", - nazir əlavə edib.