AİB "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılmasını işə salıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri ilə birgə martın 4-də Bakıda “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə başlanğıc seminarı (Stage 1 Feasibility Study) keçirib.

Bu barədə Trend banka istinadən məlumat verir.

Seminar Xəzər regionu ölkələri arasında regional elektrik enerjisi şəbəkəsinin yaradılması imkanlarının araşdırılmasının birinci mərhələsinə hazırlıq baxımından əsas mərhələ olub.

Tədbir dəyirmi masa və potensialın artırılması üzrə təlim formatında təşkil olunaraq yüksək vəzifəli dövlət rəsmilərini, ötürücü sistem operatorlarını, enerji və telekommunikasiya tənzimləyicilərini, inkişaf tərəfdaşlarını və texniki ekspertləri bir araya gətirib. İştirakçılar ilkin mərhələnin nəticələrini müzakirə edib, ilkin qənaətləri nəzərdən keçirib və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dəstək məqsədilə analitik yanaşmalar üzrə razılığa gəliblər.

 

“Xəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsü Xəzər regionunda bərpa olunan enerji ticarətini təşviq edəcək və gələcəkdə Avropa enerji bazarları ilə potensial inteqrasiyanı mümkün edəcək regional elektrik interkonnektorunun yaradılmasına yönəlib. Araşdırma 2025-ci ilin aprelində imzalanmış Anlaşma Memorandumuna əsaslanır və rəsmi olaraq 2026-cı ilin fevralında işə salınıb.

Seminar çərçivəsində iştirakçılar tələbatın proqnozlaşdırılması, generasiya, bərba olunan enerji inteqrasiyası ssenariləri, şəbəkə tədqiqatları və sualtı kabel konsepsiyaları daxil olmaqla birləşdirmə variantlarının planlaşdırılması sahəsində texniki biliklərini gücləndiriblər. Həmçinin telekommunikasiya və sistemlərin istismarı məsələləri, normativ-hüquqi aspektlər və layihənin təklif olunan icra planı müzakirə olunub.

Seminar “Stage I Feasibility Report”un hazırlanması üçün məlumat tələbləri, vaxt cədvəli və növbəti addımlar, eləcə də araşdırmanın ikinci mərhələsinə hazırlıq üzrə razılaşma ilə yekunlaşıb.

AİB araşdırmanın həyata keçirilməsini Asiya İnfrastruktur İnvestisiya Bankı və CAREC Proqramı çərçivəsində layihə məsləhətçiləri ilə birgə dəstəkləyir. Proqram regional əməkdaşlığın gücləndirilməsinə və dayanıqlı energetikanın inkişafına yönəlib.