2015-ci ildən başlayaraq ildə bir dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir. Bu il artıq nazirlərin sayca 12-ci iclası keçirilib. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu sazişdən sonra 2023-cü ildə yaşıl enerji keçidi ilə bağlı olan hissə də əlavə edildi - Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində iclas. Bu il isə sayca 4-cü iclas baş tutdu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Avropanın illik 500 milyard kubmetr həcmindən bir qədər artıq qaz tələbatı olduğunu vurğulayan ekspert qeyd edib ki, Azərbaycan 2025-ci ildə 51,5 milyard kubmetr qaz hasil edib və bunun 12,8 milyard kubmetrini bilavasitə TAP vasitəsilə Avropaya ixrac edib.
“Hesabladıqda görərik ki, Avropanın ümumi qaz tələbatı ilə müqayisədə Azərbaycanın ixrac etdiyi həcm cəmi 2,5 faizə bərabərdir. Buna baxmayaraq, Avropa ölkələri Azərbaycandan qaz idxal etməyə çox maraqlıdır. Sual yaranır ki, “niyə?”. Burada məntiqli cavab odur ki, Azərbaycan öz enerji resurslarını heç vaxt hansısa ölkəyə qarşı siyasi alət kimi istifadə etməyib. Azərbaycanın enerji təchizatı fasiləsizdir, ölkə olaraq etibarlıdır, təchizat dayanıqlıdır, risklər minimaldır. Bu baxımdan, ölkə olaraq Azərbaycan Avropa İttifaqı üçün cəlbedicidir”,- deyə o bildirib.
E.Əmirov əlavə edib ki, Azərbaycanın ərsəyə gətirdiyi, layihə dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsi dünyanın uzun illər aparıcı enerji daşıyıcı xətlərindən biri olacaq və Azərbaycanla Avropa üçün böyük strateji dəyər kəsb edəcək: “Bildiyiniz kimi, hər bir iclas və görüşdə müəyyən təkliflər səsləndirilir, çağırışlar vurğulanır. Prezident də bu dəfə xüsusi olaraq vurğuladı ki, yaşıl enerji resursları istiqamətində birgə əməkdaşlıq formatları dərinləşdirilməli və genişləndirilməli, eyni zamanda, Xəzərin və ölkəmizin alternativ enerji potensialı reallaşdırılaraq Avropaya ixrac olunmalıdır. Hesab edirəm ki, Azərbaycanın 3-cü enerji strategiyası olaraq, alternativ enerji strategiyası öz uğurlu nəticəsini həm ölkəmiz, həm də Avropa üçün nümayiş etdirəcək”.