Novruz bayramı ərəfəsində bazarlarda və satış məntəqələrində bayram süfrəsinin əsas atributlarından sayılan çərəz və quru meyvələrə tələbat ənənəvi olaraq artır. Alıcıların artan marağı ilə paralel olaraq, bazarlarda qiymətlərdə də müəyyən dəyişikliklər müşahidə olunur. Xüsusilə fındıq, qoz, badam, püstə, həmçinin kişmiş kimi çərəzlər, ərik qurusu və digər quru meyvələr bayram süfrəsinin ayrılmaz hissəsi olduğu üçün bu məhsulların satışında canlanma yaranır. Bayram yaxınlaşdıqca tələbat daha da yüksəlir və bu hal bazardakı qiymətlərə necə təsir edir?
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, ənənəvi olaraq Novruz bayramı, Yeni il və digər uzunmüddətli tətillər dövründə mövsümə uyğun istifadə olunan məhsullara tələbat kəskin şəkildə artır. Məsələn, Yeni il ərəfəsində bayram oyuncaqlarına, yolkalara, müxtəlif bəzək əşyalarına və hədiyyələrə tələbatın artdığını müşahidə edirik.
“Belə dövrlərdə müəyyən məhsullar üzrə bazarda tələbatın kəskin artması baş verir. Məsələn, 8 Mart bayramı ərəfəsində güllərə tələbat ciddi şəkildə yüksəlir və bu dövrdə həmin məhsulların qiyməti təxminən 10-20% arta bilir.
Novruz bayramı dövründə isə xüsusilə İrandan idxal olunan məhsulların daha çox istifadə edildiyini görürük. Quru meyvələr və bayram süfrəsi üçün istifadə olunan digər məhsullara tələbat artır. Bu səbəbdən həmin məhsulların qiymətlərində də artım ehtimalı yaranır. Burada məsələ yalnız məhsulların birbaşa İrandan idxal olunması ilə bağlı deyil. Eyni zamanda Türkiyədən gələn bəzi məhsullar da Azərbaycana İran üzərindən tranzit yolu ilə çatdırılır.
Bu baxımdan logistika məsələlərində yaranan çətinliklər, risklərin artması və narahatlıqlar da qiymətlərə təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, bu cür qiymət artımları əsasən bayram ərəfəsində müşahidə olunur və bayramdan sonra bazar tədricən əvvəlki vəziyyətinə qayıdır”.
İqtisadçı vurğulayıb ki, ümumilikdə İrandan gələn məhsulların qiymətlərində müəyyən artım gözlənilir.
“Bunun bir neçə səbəbi var. Birincisi, mövcud vəziyyət risk faktorlarını artırır. İkincisi, təchizat zəncirində müəyyən qırılmalar baş verə bilər. Üçüncüsü isə İran üzərindən Azərbaycana gələn yüklərin marşrutlarının dəyişməsi və ya daşınma xərclərinin artması ehtimalı mövcuddur.
Hazırda regionda gərgin vəziyyətin olması da yükdaşıma sektoruna təsir göstərir. Daşıyıcı şirkətlər risklərin artması səbəbindən ya qiymətləri yüksəldə, ya da bəzi marşrutlar üzrə daşımadan imtina edə bilərlər. Əlbəttə, alternativ marşrutlar həmişə mövcuddur, lakin əsas marşrutların seçilməsinin səbəbi onların daha sərfəli və daha qısa olmasıdır. Alternativ marşrutlardan istifadə edildikdə isə məsafə uzanır və ya daşınma xərcləri artır ki, bu da son nəticədə məhsulların qiymətinə təsir göstərir”.
Ekpert əlavə edib ki, nəticə etibarilə, Novruz bayramı ilə əlaqədar tələbatı artan məhsulların qiymətində müəyyən artımın olması gözləniləndir. İranla bağlı mövcud vəziyyət isə bu qiymət artımını daha da sürətləndirə bilər.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə Trend-ə açıqlamasında bildirib ki, bazarda təklif kifayət qədərdir, yəni çərşənbələrdən başlayaraq satış məntəqələrində müxtəlif çeşiddə çərəz və quru meyvələrin bol olduğu görünür.
“Müşahidələr göstərir ki, bəzi məhsullarda qiymətlər ötən illə müqayisədə nisbətən aşağıdır, amma bu, bütün məhsullara aid deyil. Məsələn, bəzi çərəz və quru meyvə növlərində qiymətlərdə müəyyən azalma var, digərlərində isə cüzi artım müşahidə olunur. Ümumilikdə isə qiymətlərin əsasən eyni səviyyədə qaldığını demək olar", - deyə o qeyd edib.
Ekspertin fikrincə, alıcılar daha çox əsas qida məhsullarına üstünlük verirlər. Bunlara çörək, süd məhsulları, makaron, vermişel, kartof, soğan kimi gündəlik və daha ucuz məhsullar daxildir:
“Təbii ki, bayram yaxınlaşdıqca insanlar müəyyən qədər alış-veriş edəcəklər. İnsanlar bayram süfrəsində müəyyən məhsulların olmasını istəyirlər. Sadəcə, imkanları məhdud olanlar daha ucuz məhsullara üstünlük verərək süfrədə simvolik bir bayram ab-havası yaratmağa çalışırlar”.
O qeyd edib ki, İrandan müəyyən məhsulların ixracına məhdudiyyət qoyulması və ya İranla bağlı logistika məsələləri qısa müddətdə, xüsusilə də bayrama qədər bazara ciddi təsir göstərməyəcək:
"Hazırda bazarda quru meyvə və çərəz məhsullarının çatışmazlığı müşahidə olunmur, əksinə, görünür ki, sahibkarlar bayram dövründə tələbatın artacağını nəzərə alaraq əvvəlcədən daha çox məhsul gətiriblər".
“Onlar adətən bilirlər ki, bayram günlərində müəyyən qədər satış olacaq və buna görə də ehtiyatlarını artırırlar. Bununla belə, istisna deyil ki, bəzi sahibkarlar bayramdan istifadə edərək qiymətləri süni şəkildə artırmağa cəhd etsinlər, lakin hazırkı vəziyyətdə bazarda kəskin qiymət artımı üçün ciddi iqtisadi əsas görünmür”,- deyə ekspert əlavə edib.