ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) bu ilin sonlarında Avropa və Avrasiyada mülki nüvə enerjisinin inkişafına həsr olunacaq tədbirdə iştirak etmək üçün Azərbaycanın mülki nüvə energetikası sektorunun rəhbərlərini dəvət etməyi planlaşdırır.
Bunu USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya üzrə regional direktoru Karl Kress Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Kress vurğulayıb ki, Azərbaycan zəngin enerji resurslarına malikdir və bu da ABŞ ilə bu sahədə əməkdaşlığı tərəfdaşlığın təbii istiqamətinə çevirir.
“Azərbaycan artıq neft-qaz sənayesində liderdir və bu, gələcək əməkdaşlıq üçün geniş perspektivlər açır. Mülki nüvə enerjisinin inkişafı və ya yeni boru kəmərlərinin tikintisi üzrə birgə işləməkdə ortaq maraqlarımız var. Enerji resurslarının bu bolluğu həm də Amerika şirkətləri üçün Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafına kömək edəcək texnologiyaların tətbiqi imkanları yaradır. Buraya məlumat mərkəzləri, süni intellekt sektoru və kommunikasiya şəbəkələri daxildir. Belə ki, ölkə bu sahələrin əsasını təşkil edən etibarlı və zəngin enerji resurslarına malikdir. Amerika şirkətləri enerji və rəqəmsal texnologiyalar sahəsində lider mövqedədir və bu da birgə əməkdaşlıq üçün əla imkanlar yaradır”, – deyə o bildirib.
O vurğulayıb ki, yerli tərəfdaşlıqlar Azərbaycanın və regionun kommersiya əlaqələrinin inkişafında əsas rol oynayır və USTDA-nın alətləri məhz bu tərəfdaşlıqları dəstəkləmək üçün yaradılıb.
“USTDA-nın layihələrin hazırlanması ilə bağlı fəaliyyəti – o cümlədən texniki-iqtisadi əsaslandırmalar və ilkin mühəndislik və layihələndirmə tədqiqatları – amerikalı ekspertləri azərbaycanlı layihə təşəbbüskarları ilə bir araya gətirir. Bu, onların prioritet layihələrinin həyata keçirilməsinə dəstək verir və digər layihələr üzrə uzunmüddətli əməkdaşlıq üçün zəmin yaradır. Məsələn, USTDA bu ilin sonlarında Avropa və Avrasiyada mülki nüvə enerjisinin inkişafına həsr olunacaq tədbirdə iştirak etmək üçün Azərbaycanın mülki nüvə energetikası sektorunun rəhbərlərini dəvət etməyi planlaşdırır. Bu tədbir onların Amerika texnologiyaları ilə tanış olmasına, ABŞ-dən olan potensial təchizatçılarla əlaqə qurmasına və Azərbaycanda mülki nüvə energetikasının inkişaf planlarını təqdim etməsinə imkan yaradacaq. Bu cür tədbirlər tərəfdaşlıqların uğurla qurulmasına və razılaşmaların əldə olunmasına kömək edir.
USTDA-nın daha bir aləti isə əks ticarət missiyalarıdır. Bu missiyalar Azərbaycan kimi ölkələrdən nümayəndə heyətlərini ABŞ-yə dəvət etməyi nəzərdə tutur ki, onlar Amerika şirkətləri və hökumət nümayəndələri ilə görüşlər keçirə bilsinlər. Bu tədbirlər hədəf sektorlarda dayanıqlı tərəfdaşlıqların yaradılması üçün əla imkan yarada bilər”, – deyə Kress yekunlaşdırıb.