EIA OPEC+ ölkələri ilə bağlı neft hasilatı proqnozunu açıqlayıb

OPEC+ ölkələrinin neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə 43,91 milyon barel, 2027-ci ildə isə orta hesabla günə 45,04 milyon barel təşkil edəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlı hesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.

EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə OPEC+ ölkələrinin sözügedən məhsul hasilatı birinci rübdə orta hesabla günə 42,61 milyon barel təşkil edəcək, ikinci rübdə günə 43,27 milyon barel, üçüncü rübdə gündəlik 44,82 milyon barel, dördüncü rübdə isə günə 44,91 milyon barel təşkil edəcək.

 

Qurumun 2027-ci il üçün isə OPEC+ ölkələri üzrə neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir: birinci rübdə hasilatın günə 45,03 milyon barel, ikinci rübdə günə 45,04 milyon barelə, üçüncü rübdə günə 45,00 milyon barel, dördüncü rübdə isə gündəlik 45,09 milyon barel səviyyəsində olacağı gözlənilir.

“Martın 1-də OPEC+ aşağı neft ehtiyatları ilə bağlı qiymətləndirmələrə cavab olaraq 2026-cı ilin aprel ayından etibarən gündəlik ümumilikdə 206.000 barel həcmində hasilatı artırmağa başlamaq barədə razılığa gəlib. Növbəti qərarın isə aprelin 5-də verilməsi gözlənilir. OPEC+ 2027-ci il üçün planlaşdırılan hədəflərini yalnız 2026-cı ilin dördüncü rübündə açıqlayacaq olsa da, proqnoz dövrü ərzində ehtiyatların əhəmiyyətli dərəcədə artacağı ilə bağlı qiymətləndirmələri nəzərə alaraq, təşkilatın gələn il hasilatı ciddi şəkildə artıracağını gözləmirik. OPEC+ üzrə mövcud təkliflə bağlı hazırkı fərziyyəmiz həmçinin Hörmüz boğazı ətrafında neft axınlarında yaranan fasilələrin müddəti və miqyasından da asılıdır”, - EİA-nın hesabatında qeyd edilib.