Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərq münaqişəsi fonunda qiymət artımlarını məhdudlaşdırmaq üçün strateji ehtiyatlardan rekord həcmdə neft buraxmağı təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, bu həcm BEA ölkələri tərəfindən 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanğıcında dövriyyəyə buraxılan 182 milyon bareli ötəcək.
Təklif çərşənbə axşamı günü BEA-ya üzv ölkələrin fövqəladə iclasında irəli sürülüb. Qərarın bu gün qəbul edilməsi gözlənilir. Mənbələr qeyd edirlər ki, əgər təklif bütün 32 BEA ölkəsi tərəfindən dəstəklənərsə, qərar təsdiqlənəcək.
Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr hazırda 1,2 milyard bareldən çox strateji neft ehtiyatına, eləcə də dövlət mülkiyyətinə məxsus 600 milyon barel sənaye ehtiyatlarına malikdir.