İran münaqişəsi dünyada kükürd qıtlığına yol açıb

randakı münaqişə səbəbindən dünyada kükürd tədarükündə yaranan fasilələr artıq qiymətlərin artmasına səbəb olub və gələcəkdə bir sıra sahələrə təsir göstərə bilər.

Trend xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Nəşrin məlumatına görə, Hörmüz boğazı vasitəsilə gəmiçilik demək olar ki, dayandırılıb ki, bu da kükürdün - neft və qazın emalından əldə olunan yan məhsulunun tədarükünü məhdudlaşdırıb.

Bu resurs gübrələrin, kimyəvi maddələrin, metallərin və mikroçiplərin istehsalında geniş istifadə olunur.

Qəzet yazır ki, ən böyük istehlakçı Çin bazarında kükürdün bir tonunun qiyməti münaqişənin başlanğıcından etibarən 15% artaraq rekord səviyyəyə – 4,65 min yuan ($672) – çatıb.

 

“CRU Group” analitiklərinin qiymətləndirməsinə görə, Fars körfəzi ölkələri dünya kükürd ixracatının təxminən 45%-ni təmin edir. Ekspertlər qeyd edirlər ki, tədarükdəki fasilələr qlobal təchizat zəncirlərinə təzyiqi artıraraq gübrə, metallurgiya və elektron sənaye məhsullarının qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.