Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun Qərblə inteqrasiyasının hərəkətverici qüvvəsidir - Mikayıl Cabbarov

Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun Qərblə inteqrasiyasının hərəkətverici qüvvəsidir.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda bildirib.

Nazir qeyd edib ki, Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazı vahid məkanda birləşdirir.

 

“Bu dəhliz təkcə Çindən və Asiyadan Türkiyə və Avropaya, eləcə də əks istiqamətdə malların ticarəti və tranziti üçün vacib deyil, daha da önəmlisi odur ki, ondan, regionun iqtisadi artımının, ticarətin və Qərblə inteqrasiyanın real hərəkətverici qüvvəsi kimi istifadə olunur”, - M. Cabbarov bildirib.

M. Cabbarov vurğulayıb ki, geniş mənada nəqliyyat sahəsində ciddi çağırışlar mövcuddur. Onun sözlərinə görə, universal hüquqlar məsələsi ilə bağlı müxtəlif baxışlar olsa da, hər hansı qaydaların mövcudluğu onların ümumiyyətlə olmamasından daha yaxşıdır.

Nazir həmçinin qeyd edib ki, fikir mübadiləsi aparmaq və mövcud çağırışları müzakirə etmək üçün müxtəlif platformalar mövcuddur. Bu cür formatlar sonda ümumi məqsədə nail olunmasına xidmət edir.