2040-cı ilədək Bakıda əlavə 142 mindən çox mənzilə tələbat yaranacaq

2040-cı ilədək Bakıda əlavə 142 mindən çox mənzilə tələbat yaranacaq.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən 2040-cı ilədək adambaşına düşən ümumi mənzil sahəsinin 20,8 m2-dən 25 m2-dək artırılması nəzərdə tutulur.

Əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq.

Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 min hektar sahə nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq.

 

Bu isə 2027-ci ilədək yaranacaq 49 970 mənzilə və 2040-cı ilədək yaranacaq 92 850 mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.

2023-cü ildə Bakı şəhərində 6 443 (481,6 min m2) mənzilin, 2024-cü ildə 11 min mənzilin (933,6 min m2), 2025-ci ildə isə 9 711 mənzilin (870,8 min m2) istismarına icazə verilib.

Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş ərazi planlaşdırma sənədləri (şəhərsalma əsaslandırılmaları) əsasında verilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisi layihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan bu planlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinə tikintiyə icazələr verilir.

Komitə tərəfindən mənzil tikinti layihələri ilə bağlı təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinə əsasən mənzil fondunun ümumi həcmi 2023-cü il üzrə 1745,47 min m², 2024-cü il üzrə 1632,37 min m², 2025-ci il üzrə isə 1760,99 min m² təşkil edib.