2025-ci ildə azad edilən ərazilərə 15 781 nəfərdən ibarət 3 893 ailə köçürülüb

2025-ci ci ildə ilkin mərhələdə salınması nəzərdə tutulmuş yaşayış məntəqələri (Ağdam, Ağdərə, Füzuli, Xocavənd, Xocalı, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcər rayonları) üzrə respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış 55,6 min nəfərdən ibarət 17,8 min məcburi köçkün ailəsi arasında geri dönüşə dair sorğular həyata keçirilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, hesabat dövrü ərzində Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yenidən qurulmuş və ya bərpa edilmiş yaşayış məntəqələrinə 3 893 ailənin (15 781 nəfər) köçürülməsi təmin edilib.

 

Bundan əlavə, dövlət ehtiyaclarının qarşılanması və digər yaranmış zərurətlərlə əlaqədar, eləcə də şəxsi müraciətlər əsasında 477 ailə (1 765 nəfər) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mövcud qəsəbə və yaşayış komplekslərində üzrsüz səbəblərdən yaşayış olmayan və ya işğaldan azad olunmuş ərazilərə köçlə bağlı təhvil alınmış evler hesabına yaşayış sahəsi ilə təmin edilib.

2025-ci il ərzində işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlər də daxil olmaqla cəmi 4 370 məcburi köçkün ailəsi (17 546 nəfər) mənzillə (evlə) təmin olunub.