2026-cı ilin yanvar ayında Çinlə Azərbaycan arasındakı ticarət dövriyyəsi 420 milyon ABŞ dollarına çatıb və bu ilk dəfə olaraq Çini Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevirib.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən brifinqdə deyib.
“İki ölkə arasındakı təkcə ticarət sürətlə artmır, həm də praktik əməkdaşlığın keyfiyyəti və səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir”, – deyə o qeyd edib.
Səfirin sözlərinə görə, Çin müəssisələri Azərbaycanda bərpa olunan elektrik enerjisi istehsalı, avtomobil istehsalı, informasiya-kommunikasiya texnologiyaları və tikinti materiallarının istehsalı kimi sahələrdə layihələri fəal şəkildə həyata keçirirlər.
“Çin və Azərbaycan ‘Bir kəmər – bir yol’ təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı birgə irəli aparır. Orta dəhlizin bir hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi yük axınlarının artımını təmin edir və qlobal istehsal və logistika zəncirlərinin sabitliyinin qorunmasında mühüm rol oynayır”, – deyə Lu Mey vurğulayıb.